Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan uşağının idealı: Bayram Nurlu
Qan Turalı yazır...
Cəmiyyətlərə daim ideallar gərəkdir. İnsanın mayası belə yoğrulub. Daim bir rol modeli axtarır, ona bənzəmək istəyir.
Yuri Qaqarinin qarşılanmasından bəhs edən xronika-film var. Birinə baxın, bu yaşda adam kosmonavt olmaq istəyir. Və yeddi yaşlı bir uşağın gözü ilə görün o filmi... Bu qısa film - SSRİ-nin kosmosu fəthi Sovet insanında möhtəşəm bir vizion, ali bir ideal yaratmışdı. Hamı kosmonavt olmaq istəyirdi.
ABŞ SSRİ-nin bu böyük zəfəri qarşısında nə etdi?
Çoxlu elm parkları açdırdı, milyonlarla uşaqda alim olmaq həvəsi yaratdı. İlk dəfə Aya məhz ABŞ-ın kosmik gəmisi endi. O uşaqlar böyüyüb astronavt olmuşdu. ABŞ bayrağı ilə Ayı fəth etmişdi. Bəşəriyyətin önündə böyük üfüqlər açılmışdı.
Yaxın illərdə NASA-nın Mars proqramı həyata keçiriləcək. Uşaq ikən ABŞ bayrağının Aya sancıldığını görən uşaqlar bu dəfə Marsa çıxacaq. Bir cəmiyyət üçün bundan daha möhtəşəm bir ideal ola bilərmi?
Türkiyədə Orxan Pamuk Nobel mükafatı qazandıqdan sonra cəmiyyətdə mütaliə ciddi şəkildə artdı. Artıq türk cocuqlarının gözləri qarşısında yeni bir ideal yaranmışdı: Nobel mükafatı.
Eləcə də, Nuri Bilge Ceylan Kann mükafatını aldı. Təsadüfi deyil ki, o mükafatını bu mükafatı özündən 24 il əvvəl alan Yılmaz Güneyə həsr etmişdi. Ceylan Güneylə bir ideal qazanmışdı və sonra özü də ideala çevrildi.
Bu işlər bu cür davam edir.
Qayıdaq məsələnin darıxdırıcı yerinə...
Bu gün bizim cəmiyyətimizdə ideal kimi kim təqdim olunur? Uşaqlar, gənclər kimi özünə nümunə götürür? Bayram Nurlunu?
Efir onu göstərir bütün günü. Yoxsa internetin göstərdiyi Hüseyn Əzizoğlunu? Bəlkə, Pərviz Bülbüləni? Bir rol modelimiz və ya modellərimiz kimdir?
Əlbəttə ki, hamı kosmonavt olmaz... Amma kosmonavt olmaq istəyən də gedib meyxanaçı olmayacaq ki...
Fizika professoru Şahlar Əsgərov danışırdı. Ucqar bir dağ kəndində doğulmuşdu. Deyirdi ki, Sovetin əsas gücü atom silahı idi, onu da fiziklər düzəltmişdi. “Ona görə fizik oldum mən” deyirdi, “çünki başa düşürdüm, bu ölkənin əsas gücünü fiziklər düzəldir”.
Biz uşaqlarımız üçün hansı nümunələr yaradırıq? Məsələ təkcə sosial media, efir deyil ki... Onlar da bu və ya digər formada gerçəkliyin güzgüsüdürlər. Bir cəmiyyətdə ki hər gün efirə çıxan Nadir Qafarzadə adlı insan Eynşteyni tanımırsa... Tanımamağından utanmayıb “indiki uşaqlar heç də bunu bilmir” deyirsə... “Mənim soyuducuma bax, bir kitab oxuyanların soyuducusuna” cümləsini qurmağı rəva görürsə...
Faciə bu deyil ki... Faciə ondadır ki, bu adamlar rol modeli olur, faciə ondadır ki, alim, yazıçı, gerçək sənətkar maddi məhrumiyyətdə yaşayır. Dövran onundur. Zəmanə budur. Və bu zəmanədə niyə bizdən Eynşteyn yoxdur, Bill Qeyts yoxdur, Üzeyir bəy yoxdur deyə fəryad etmək absurddur.
Heç kim Mehman Əhmədliyə baxıb Səməd Vurğun olmayacaq çünki...
Rəylər