Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Molla və Mark
Qan Turalı yazır...
Molla Nəsrəddindən soruşurlar: “Tabutu qəbiristanlığa aparanda tabutun sağ tərəfində olmaq yaxşıdır, yoxsa sol?” Mollanın cavabı ibrətamizdir: “Çalış, tabutun içində olma. Sağın, ya da solun elə bir fərqi yoxdur”.
Əksər Molla Nəsrəddin lətifələri belədir, quru zarafatdan ibarət deyil, həm də dərin ictimai məzmunu var.
Yeri gəlib, birin də yazaq. Molla Nəsrəddindən “Dünyanın mərkəzi haradadır” deyə soruşurlar, o da deyir elə mən dayanan yerdir. Deyirlər, bizi aldadırsan, deyir, inanmırsan ölç. Doğrudan da, insan hər şeyin meyarıdır, insan dünyanın mərkəzidir.
Qayıdaq tabuta. Yox, tabuta yox. Tabut lətifəsinə...
“Onlarda elədir, bizdə belə” söhbətləri həmişə məndə ikrah doğurub. Düzdür, Sabir də yazırdı ki, əcnəbilər seyrə balonlarla çıxır. Sabir yazandan yüz il keçib, biz hələ də müqayisə edirik. Hər cür müqayisə uğursuzdur. Amma daim bizim qarşımızda duran əbədi bir həqiqət var. Tabutun içində olmamaq... Diri qalmaq... Dünya ilə ayaqlaşmaq və hətta onu ötüb-keçmək!
İnformasiya əsrində yaşayırıq. “Game of Thrones”a amerikanlarla bir baxırıq. Yeni “iPhone”u onlardan qabaq biz işlədirik. Amma sadəcə istehlakçı olmalı deyilik. Həm də bu yeni texnologiyaları biz yaratmalıyıq. Qısacası, tabutun içində olmamalıyıq.
Bəs tabutun içində olmamaq üçün nə lazımdır? Əslində, hər şey çox sadədir: Daha çox maarif, daha çox elm, daha çox incəsənət və daha çox ədalət...
Dünya nəhəng dəyişikliklərin astanasındadır. Robotlar artıq insan üzərində beyin əməliyyatları aparır. Robot əsgərlər artıq ordu sıralarında döyüşməyə başlayır. Bəşəriyyət Marsda məskən salmaq haqqında düşünür. Alimlər ölümsüzlüyün sirrini araşdırır. Yaxın gələcəkdə təbii ölümlər tarixə qovuşacaq. Bir insan belə çalışmayan fabriklər işə başlayır. ABŞ-da dörd nəhəng şirkət sürücüsüz maşınları istehsalata buraxmağa hazırlaşır.
Və bəşəriyyətin bu inqilabi dəyişikliklərə hamilə olduğu bir zamanda biz nəyi müzakirə edirik? Bizim mövzumuz nədir? Biz nədən danışırıq? Və ən əsası, bizim vizionumuz, idealımız nədir? Biz nəyə can atırıq?
Mişel de Monten deyirdi ki, mənzili məchul olan gəmiyə heç bir rüzgar kömək edə bilməz. Onun üçün də biz mənzilimizi düzgün seçməliyik. Və hər bir insan öz sahəsində, öz yerində və yurdunda bu mənzilə çatmaq, bu idealı gerçəkləşdirmək üçün çalışmalıdır.
Sadə bir fakt... “Facebook” o qədər nəhəng bir gücə çevrilib ki, onun ABŞ prezident seçkilərinə müdaxiləsi müzakirə olunur. Ümumiyyətlə, transmilli korporasiyaların dövlətlərdən daha güclü olması qloballaşmanın görünüşüdür. “Facebook” hara getdiyimizi, nə yediyimizi, nə paylaşdığımızı, kimlərlə nə yazışdığımızı bilir.
Bu sahənin mütəxəssisləri deyirlər ki, kiminsə yüz “like”ını nəyə qoyduğunu bilirsinizsə, o adamı anasından daha yaxşı tanıyırsınız. İki yüz “like” onu dostundan daha yaxşı tanıdığınızı göstərir. Və üç yüz “like”la o insanı özündən daha yaxşı tanıya bilirsiniz. “Facebook”un əlində bu gün yüz milyonlarla adamın məlumatları var. Və o, bu məlumatlardan neqativ məqsədlər naminə istifadə etdiyini dəfələrlə “sübut” edib.
Bütün dünya “Facebook”un bu gücünü müzakirə etdiyi bir zamanda “Yaxşı qız “Facebook”a girməz” deyə düşünməklə tabutun içindəki yerimizi hazırlayırıq.
Molla Nəsrəddin bir şeyi düz demirdi: Tabutun önündə getmək gərək!
Rəylər