Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kirpi kimi sevməli
Qan Turalı yazır...
Kirpilər soyuq qış gecələrində qızınmaq üçün bir-birlərinə yaxınlaşırlar. Nəfəsləri və bədənləri ilə qızınırlar.
Donmuş halda anlamırlar, amma bir az sonra hiss edirlər ki, tikanları bir-birini yaralayır. Onda uzaqlaşır kirpilər. Elə olanda da şaxtadan, soyuqdan üşüməyə başlayırlar. Yenidən yaxınlaşırlar. Tikanlar yenidən incitməyə başlayır.
Kirpilər ən uyğun məsafəni tapana qədər yerlərini beləcə dəyişirlər. Axırda elə bir məsafə tapırlar ki, həm qızına bilsinlər, həm də tikanlar onları yaralamasın.
“İnsanlar da belədir”, - deyir Şopenhauer.
Tək qaldıqda darıxırlar, sevgi, qayğı istəyirlər. Bəzən bir sarılma, bəzən çiyinə bir toxunuş. Bəzən soyuq yatağın qızmar əzabı. Amma eynən kirpilərdəki kimi, insanı da yaxınlıq incidir. Uzaqlıq üşüdür. Nə onunla alınır, nə də onsuz.
“Kaş ki, səni sevməsəydim
Ucuzlaşmazdı bu qədər içimdəki tənhalıq”. (Rasim Qaraca)
Amma boşluqlar dolmağa can atır, həcm axtarır. Müqəddəs yer boş qalmır.
İnsanlar da eynən kirpilərdəki kimi, uyğun məsafəni tapa bilənə qədər
xoşbəxt olmayacaqlar. Bundandır çoxalmaq istəyi. Əvvəlcə bir həyat yoldaşı. Sonra uşaq, nəvələr, nəticələr. Çoxaldıqca tənhalıqdan xilas olduğunu hiss edir insan. Lakin tamamlanmaq hissi nə qədər səadət bəxş edə bilər ki...
Münasibətlərin ancaq sevinc bəxş edə biləcəyi məsafəyə qədər uzaq durmalı insan. Ki, sonra qanamasın köhnə kirpilərdən qalan tikanlı yaralar.
Fərəhlə sarılmaq üçün kirpi məsafəsi şərtdir. Və əlbəttə ki, insanların işi kirpilərdən çox çətindir. Çünki insanların tikanları daha sərtdir. Və kirpi yarası, tikan yarası sağalar, lakin tikanlı sözlər iltihab verər.
Kirpi kimi sevməli...
Kirpilər bizə nümunə...
Rəylər