Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Niyə bizdə serial alınmır?
Qan Turalı yazır...
İnsan beyni elə qurulub ki, daima maksimum az enerji ilə çalışır.
Bu mənada, insanlar tənqid etməyə meyilli olur, nəinki anlamağa...
Misal üçün elə öz seriallarımızı götürək.
Pisdirmi?
Pis çox yüngül sözdür.
Drama serialına baxırsan, gülməyin gəlir.
Komediyaya baxanda ağlamağın...
Pis ssenari, keyfiyyətsiz aktyor oyunu, olmayan rejissura...
Və bütün parametrlər üzrə keyfiyyətsizlik...
Bəs bu vəziyyətin səbəbi nədir?
Bu barədə düşünmək gərəkdir.
Məsələ ondadır ki, bizim mövcud kinematoqrafik potensialımız eyni zamanda dörd-beş keyfiyyətli serial istehsal etməyə imkan verir. Lakin mövcud bazar şərtləri o qədər eybəcərləşib ki, telekanallar seriala efiri doldurmaq vasitəsi kimi baxırlar.
Bu mənada Türkiyənin üçüncü dərəcəli kanallarının kəşfi olan gündəlik, ya da başqa sözlə desək, həftədə 4-5 dəfə yayımlanan serial mexanizmini işə salıblar.
Bu da bir ilə 200 seriya deməkdir.
Halbuki bu qədər gərgin əmək müqabilində istedadın buxarlanacağı gün kimi aydın bir həqiqətdir.
Bir aya 20 seriya yazmağa hansı ssenaristin gücü çatar?
Bir aya 20 seriya oynamaq aktyorun imkanları xaricindədir.
Bir ayda 20 seriya çəkmək Spilberq olsan belə, mümkünsüzdür.
Amma seriallar istehsal olunur.
Özü də aya 20 seriya...
Və əlbəttə ki, bu kəmiyyət müstəvisində ancaq bu keyfiyyət mümkündür...
Məhz bütün bu işlərin nəticəsidir ki, Türkiyədə serial bazarı ildə 350 milyon dollarlıq dövriyyəyə malikdir.
Bizim bütün serialları toplasan, ildə heç 1 milyon dollar etməz.
Deməli, by keyfiyyətə (daha doğrusu, keyfiyyətsizliyə) iqtisadi amillər səbəb olur.
Bəs bu iqtisadi şərtləri yaradanlar kimdir?
Əlbəttə ki, bizim telekanallar...
Resurslar az ola bilər.
Aydındır.
Ancaq mövcud resurslar hesabına da yaxşı işlər görmək mümkündür.
Nə zamana qədər ki, seriallar efir doldurmaq vasitəsi olacaq, estetik meyarlar arxa pana atılacaqsa, o zamana qədər də biz bu keyfiyyətsiz seriallara dözməyə məcbur qalacağıq.
Dövlət bir müddət əvvəllər seriallar üçün büdcə ayırırdı.
Bu işi böyük reklam gəlirləri olan kanallar da görə bilər.
Dövlət büdcəsindən maliyyələşən kanallar da bu sahəyə maliyyə ayırmırlar.
(Bircə İTV “Solğun çiçəkləri”i çəkdi)
Bu mənada, böyük Marksın da dediyi kimi, iqtisadiyyat hər şeyin əsasıdır.
Məlum olduğu kimi, serialları təkcə daxili bazar üçün yox, eləcə də, xaric üçün istehsal etmək lazımdır.
Təəssüf ki, əsas iş qabiliyyətləri seriala kolbasa, kafel-metlax, klinika soxuşdurmaqdan (məhsul yerləşdirmə başqa şeydir) başqa iş bilməyən prodüserlərimizin vizionsuzluğu da mövcud situasiyanı yaradır.
Reklam verənin maraqları qorunur, kanal efir saatını doldurur, prodüser pulunu götürür, azmaaşlı aktyor dolanışığını çıxarır.
Bircə tamaşaçı uduzur.
Hərçənd onlar üçün də “Netflix” var...
Və nəticədə Azərbaycan serial sənayesi nəinki yerində sayır, hətta geriyə gedir.
Melodramatik seriala qəbzlik əleyhinə şamı sponsor tapan adamlarıq biz...
Elə öz seriallarımız haqda serial çəksək, “Silikon vadisi” serialı yalan olar...
Rəylər