Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bir dərdim var...
Qan Turalı yazır
Freyd XX əsri “nevroz əsri” adlandırırdı.
O, bu diaqnozu yüz il bundan əvvəl qoymuşdu və XXI əsrdə psixoloji xəstəliklər insanları daha çox təhdid edir.
Fizioloji xəstəliklər üzərində tibb qələbə çalmaqdadır. Lakin Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə XXI əsrin 50-ci illərində ən çox ölüm psixoloji xəstəliklərin payına düşəcək.
Freyd olmasa belə biz insanların nevroz olduğunu görə bilirik.
Və bu nevroz heç şübhəsiz ki, zamanın ruhundan doğur.
Nəriman Nərimanov ateist idi.
Lakin qəhrəmanı Bahadırın dilindən deyirdi ki, Həzrəti Məhəmməd dirilib gəlsə öz qoyduğu dini tanımaz.
Və elə digər peyğəmbərlərin, İsanın, Musanın, hətta Buddanın görmək istədiyi insan modeli bu deyildi.
Nə qədər yəhudi İsanın yolundadır?
Nə qədər buddistin fikri-peşəsi nirvanaya çıxmaqdır?
Nə qədər xristian İsa peyğəmbərin qaydaları ilə yaşayır?
Bütün müsəlmanlar, xristianlar, yəhudilər, buddistlər və ateistlər bu gün kapitalizmin müridləridir.
Bu din reklamlarla metroda, avtobusda, küçədə, evimizin içinə qədər gələn televizorlarda, cib telefonumuza göndərilən mesajlara qədər öz varlığını bizə hər gün yüzlərlə dəfə xatırladır.
Üstəlik, sosial medianın varlığı ilə insanlarda göstəriş hissi bəşəriyyət tarixinin ən görkəmli triumfunu, zəfərini yaşayır.
İnsanlar artıq xilası Tanrının izində görmürlər...
Bu gün bəşəriyyətin ruhuna istehlakçılıq hakim kəsilib.
Buddanın da dediyi kimi istəmək iztirabdır.
İnsanlar dərin ehtiyac duymadıqları şeyləri olmayan pulları (kredit kimi) ilə almaq dərdindədirlər.
Milyardlarla smartfon telefonlar, maşınlar, geyim brendləri...
Bütün bunları əldə etmək üçün isə çalışmaq gərəkdir.
Daha çox çalışmaq, daha çox məhsula çatmaq deməkdir.
Daha çox məhsul isə daha çox borc...
Daha çox borc isə daha çox çalışmaq...
Bu mənada bizə fərəh gətirən məhsullar əslində ağır iş şəraiti ilə nəticələnir.
Tramp seçki kampaniyası dövründə rəqiblərini nəzərdə tutaraq fəxrlə deyirdi: “Mənim onların sərvətindən çox borcum var”.
Kapitalist sistem borcu sevir, çünki qədim xalq məsəlində deyildiyi kimi, borc igidin qamçısıdır.
Daha çox borc bizi kapitalist sistemə daha çox inteqrə edir, bizi bu sistemə daha çox bağlayır.
Bəlkə radikal formada düşünək: Həbsxanada yatan insanla hər gün 12 saat çalışan insan arasında nə fərq var?
Bu 12 saata yola sərf edilən vaxtı da əlavə etsək qalan vaxt ancaq yuxuya çatır.
İşçi isə öz tələbatlarını ödəmək üçün bəzən istirahət günü olmadan belə işləməyə məcburdur.
Özünə, ailəsinə ayıracaq zamanı yoxdur.
Bu situasiyada kim azadlıqdan məhrum edilmiş kimi görünür?
Törətdiyi cinayətə görə həbsxanaya salınanmı, yoxsa öz istehlakçılıq qabiliyyətinə görə bu qədər çalışmağa məcbur olanmı?
Mənzərə kifayət qədər tragik görünmürmü?
(Əlbəttə, minimal xərcləri müqabilində az əmək haqqına çalışan insanları burdan sərfnəzər edirik. Onların problemi fərdi yox ictimai xarakter daşıyır)
Pol Lafarq kapitalist sistemin yüksəlişini yaşamağa başladığı illərdə yazdığı bir kitabı var: “Tənbəllik haqqı”.
Bu gün dünyanın daha çox tənbəlliyə ehtiyacı var.
Çünki asudə vaxt incəsənət deməkdir.
Daha çox ruhi sakitlik deməkdir.
Özünə zaman ayırmaq deməkdir.
Lakin kapitalist sistem o qədər mükəmməl təşkil edilib ki, ağır əmək şəraitinə bizdən aldığı ruhi sağlamlığı ucuz komediya filmləri, yüngül televiziya şouları, Yoqa kursları ilə bizə satmağa çalışır.
Satır da...
Şair necə deyirdi:
“Bir dərdim var, min dərmana dəyişməm”
Rəylər