Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məsciddəki qətliam və xoşbəxt gələcək xəyalları
Qan Turalı yazır
Nə nağıldır, nə də film...
Amerikanın “Scientific Reports” jurnalının bir məqaləsidir.
Amerikalı, rus və isveçrəli fiziklərin birgə apardığı elmi təcrübədə zamanı geri çəkməyin mümkün olduğu təsdiqlənib.
Ən sadə formada alimlər təcrübəni belə izah edirlər: “Bilyard stolunda açılış zərbəsi ilə səpələnən daşları əvvəlki yerlərinə qaytarırıq”.
Bu məqalənin yayımlandığı gün isə Yeni Zelandiyadan xəbər gəlir.
Məsciddə terror, 49 ölüm...
Bəzi insanlar üçün zaman heç qabağa getməyib.
Orta əsrlərin o zülməti, o qaranlığı onlar üçün işıqdır.
Ya da otuzuncu illərin faşizmi, ali irq barədə hər cürə cəfəngiyyatlar...
Mirzə Cəlil yazırdı ki, gözümü açıb dünyanı qaranlıq görmüşəm.
Və indi şair demiş, iblislərlə dolu dünyanın şam işığında o qaranlıq sanki anbaan artır.
İşığı azalır dünyanın...
İfrat sağın yüksəlişi fonunda dünya Tarantino filminə bənzəməyə başlayır.
Əlbəttə, bir terror hadisəsinə görə gələcəklə bağlı qorxulu ssenarilər yaratmaq absurddur.
Lakin elə bu hadisə konteksində xoşbəxt gələcək xəyalları da bir az yersiz görünür.
Gələcəkdən söz düşmüşkən, keçmişi geri qaytarmaq gələcək zamanlarda mümkün olsa, onda necə olacaq?
Əslində fiziklər bu məsələni indi həll etsələr də, yazıçılar, rejissorlar çoxdan zaman maşınları düzəltmişdilər.
Hansı zamanda yaşamaq istədiyimizi seçə bilsəydik, necə olardı?
Ömrümüzün keçmiş bir anına dönüb orada yaşardıqmı?
Ya da İntibah dövründə məskən salardıqmı?
Ya da gələcəkdə, Marsa axın edən milyonlarla Yer adamından biri olmağı seçərdik?
İstədiyimiz məkanda yaşamağı seçə bilirik.
Zamanda bizə bu imkan verilsə, necə olar?
O zaman qəlbimiz fərəhlə dolarmı?
Bir zamanlar sürgün cəzası vardı.
Bəlkə gələcəkdə Dövlət baba bizi zamanımızdan sürgün edər.
Cəza kimi bizi mağarada yaşadığımız dövrlərə göndərər.
Bəlkə kimlərsə sosial medianın kəşf, kinonun icad olunmadığı, fotoqrafiyanın yalnız bir xəyalda olduğu zamanlarda yaşamaq istəyər.
Gələn günlərini keçən günləri geri qaytarmaq üçün verər.
Zamanla bağlı bu mühüm kəşfin elan olunduğu bir gündə dünya mediasının Yeni Zelandiyanı müzakirə etməsi hər nə qədər tragik olsa belə...
Bir gün zamanda səyahətin mümkün olduğu fikri bizi həyəcanlandırır.
Və yenə şairlər...
XIX əsrdə yaşamış fransız şairi Lamartin isə nə gələcəyə, nə də keçmişə getmək istəyirdi.
O sadəcə sevgilisi ilə bölüşdüyü o möhtəşəm anları dondurmaq arzusuyla zamana belə deyirdi:
“Nə qədər talesizlər sizə yalvarır hər gün
Siz onlar üçün keçin
Günləriylə birlikdə dərdlərini aparın
Məsudları buraxın”.
Zaman maşını kəşf ediləndə yəqin zəmanədən şikayət şeirləri də yazılmayacaq.
Rəylər