Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şərait var, uşaqlar yoxdur
Ramin Musayev yazır
Proloq. O gün (müəllifdən. Azərbaycanlının keçmişdəki təxmini tarixi təyin etmək üçün istifadə etdiyi ifadə) marketoloqlar haqqında bir kreativ - yumorlu hadisə və yerli mütəxəssislər üçün tənbehedici status yazmışdım. Onun altında bir kommentə rast gəldim. Komment belə idi:
“12 ildir marketinqdə işləyirəm və sizin dediklərinizlə razı deyiləm. Marketinq mütəxəssisə 500 manat maaş verəndə, onun heç iş vecinə olmayacaq. Bir də ki, hər zaman özünü hamıdan ağıllı sayan rəhbər işə qarışanda vəziyyət lap bərbad olur.”
Ona cavabı aşağıda oxuyun, amma öncə bir tarixçə danışım.
Bu kommenti oxuyanda gənclik illərim yadıma düşdü. Tələbə olarkən, təsadüfən eşitdim ki, banka mütəxəssis lazımdır. Müsahibəyə getdim. O zaman bank sahəsində səriştəm yox idi, amma üç il mühasib və iqtisadçı işləmişdim.
Söhbətlərdən sonra məni kredit şöbəsinə sıravi işçi götürdülər. Maaş da minimum idi. Qısa müddətdə işi öyrəndim, məntiqli yeniliklər təklif etdim. Öz işimlə yetinməyib, digər işləri də xahiş edirdim ki, mənə tapşırsınlar.
İT, hüquq, mühasibat, bir sözlə, “başımı soxmadığım” şöbə qalmamışdı.
Üç aydan sonra məni ezamiyyətə göndərdilər, orada da tapşırığı yerinə yetirdim. Qayıdandan sonra məni kredit şöbəsinin rəisi təyin etdilər, maaş da artdı, bonuslar isə maaşdan dəfələrlə yüksək oldu.
Bir ildən sonra isə testlərdən keçərək, Avropa İnkişaf və Yenidənqurma Bankının proyektinə seçilərək, İstanbula təhsil almağa getdim. Bəziləri ora getməkdən imtina etdilər. Səbəbi də təqaüdün cəmi 100 dollar olması idi, halbuki hamımız ayda azı iki min dollar pul qazanırdıq.
Mən seçimimi təhsilə və gələcəyimə etdim. Orada da nümunəvi tələbə oldum. Nəticələri görən Boss mənə hər 2-3 ayda pul mükafatı göndərirdi.
Qayıdandan sonra isə mənə daha yüksək vəzifə təklif etdi. Cəmi 24 yaşım var idi, amma artıq beynəlxalq əməliyyatlar üzrə sədr müavini idim. Maaş və mükafatlarım isə bu gün top-menecerlərin aldığı səviyyədə idi.
Bəs bu uğurun arxasında kim və nə var idi? Mənim arxamda heç kim yox idi. Mən uğurlu və zəngin olmaq istəyirdim, hamı kimi. O and isə yalnız məqsədim - işləmək, yaratmaq və bankıma gəlir gətirmək idi.
Bunları görən Boss mənə gətirdiyim gəlirdən 10% mükafat təyin etdi. Qara qaşıma, qara gözümə deyil, ona mənfəət gətirdiyimə görə. Mən də hər ay gəliri 2-3 dəfə yüksəldərək, onun doğru seçim etdiyini sübut etdim, çünki artıq şəxsi marağım var idi.
Heç zaman gedib, “maaşım azdır, ya artır”, ya da “verdiyiniz maaşa işləyəcəyəm” sözlərini demədim. Yeni təkliflərlə çıxış etdim, onları müdafiə edərək, üzərimə cavabdehlik götürüb, ölkədə yenilik olan yeni layihələr yaratdım. Bir neçə belə layihələrdən sonra isə artıq mənim təkliflərim müzakirəsiz qəbul olunurdu.
Bunları yazmaqda məqsədim odur ki, boşboğazlıq edərək, teoriyadan çox danışıb, bosslardan giley-güzar etmək asandır. Mən demək istəyirəm ki, bu bir mülahizə deyil, yaşadığım hadisədir. Qulağınıza sırğa edin ki, sizdən hərəkət, Bossdan bərəkət.
Əgər sahibkar görsə ki, işçi ona xeyir verir, o xəsis olsa belə, pulla şirnikləndirməyə çalışacaq ki, daha çox xeyir gətirib, başqa şirkətə qaçmayasan.
O kommentə gəldikdə isə, 12 il ərzində maaş 500 manatı aşmayıbsa, bu, rəhbərin günahı deyil, bu, sənin özünə dəyərindir. Özünə hörmət edən və savadı olan mütəxəssis rahat iş tapacaq, özü də istədiyi gəlirlə.
Ali məktəbdə tənbəllik edən, pul verib oxumayan, day-daya və ya valideynlərinə güvənən, öz üzərində işləməyən şəxs ömrü boyu şikayətlənəcək ki, az maaş verirlər.
Hamı iş axtarır. Yaxşı mütəxəssisi rəhbərlər və HR menecerlər gündüz çıraq ilə axtarırlar. Heç CV-ni yaza bilməyən şəxs müsahibə zamanı yüksək maaş istəyir. Qəbul edilməyəndə isə deyir ki, hər yerdə “day-day” lazımdır, tapşırıq lazımdır…
Uzun illər rəhbər olaraq heç zaman tapşırıq və xahişlə kimisə işə götürməmişəm. Yalnız keçmiş rəhbərlərindən tövsiyə, yaxud onunla müsahibə, sonra isə sınaq müddətindən sonra qərar vermişəm. Bir də onu deyim ki, qohumları isə yaxın buraxmamışam.
Bir dəfə bir tanışım zəng edib, oğlunu işə götürməyi xahiş etdi. Nə bacardığını soruşanda, cavabı bu oldu:
“Heç nə, gəlsin orada qurdalansın, maaş verərsən, başını dolandırsın, mən də sənə hörmət edərəm, nə qədər lazımdır, de”.
Bu sözlərə güldüm, özəl şirkətimə savadsız adamı işə götürüb, maaş vermək üçün mənə rüşvət təklif etməyi ən azından ağlamalıdır. Digər bir korporativ müştərim olan şirkətin rəhbəri isə oğlunu tövsiyə edib dedi ki, sizin şirkətdə işləmək arzusundadır, sınaqdan keçirin, əgər uyğundursa, işləsin.
Həmin oğlan ən çalışqan, ən bacarıqlı və nümunəvi işçi oldu. Mən isə öz növbəmdə həmin şəxsə minnətdarlığımı bildirdim, hətta hədiyyə göndərdim. Qızım, sənə deyirəm, gəlinim, sən eşit - bu da rəhbərlərə atılan daş.
Əgər uğurlu olmaq istəyirsənsə, mütləq sevdiyin, arzuladığın sahədə işlə, onu ətraflı öyrən, çoxlu kitab oxu, təlimlərdə iştirak et. Əgər valideynləriniz sizdən başqa sahənin daha gəlirli olduğundan ora getməyiniz üçün təzyiq edirlərsə, onda bir təqdimat hazırla, elə bil ki, diplom müdafiə edirsən.
Onların fikirlərini dəyiş və inandır ki, niyə öz sevdiyin sahədə işləməlisən. Əgər bunu etsən, deməli, gələcəkdə müştərilərə də xidmət, yaxud mal sata biləcəksən. Əgər bacarmadınsa, bəs gələcəkdə necə uğurlu ola biləcəksən? Hara gedirsən-get, hər nə isə satmaq lazım olacaq. Ən azından özünü, yəni biliyini, bacarığını və zəhmətini.
Epiloq. Uğurlu olmaq üçün öz istəyinə inanmalı, məqsədinə yetmək üçün optimal yolu seçmək, hər zaman öz üzərində işləmək lazımdır. Maaşın və gəlirin isə sənin dəyərin olacaq, şərab kimi. Zaman keçdikcə təcrübən və dəyərin artacaq. Yadında saxla ki, pozitiv insanlar uğurlu olur!
Rəylər