Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kino tarixi yenidən yazılır
Qan Turalı yazır...
İnternetin kəşfi futuroloqların belə gözləmədiyi bir kəşf idi. Lakin internetin ortaya çıxması ilə dünya köklü dəyişikliklərə qədəm qoydu.
Misal üçün, mediaya tam nəzarət edən ərəb diktaturalarını “Twitter”, “Facebook” dağıtdı. Eləcə də, media bu dəyişiklikdən öz payını aldı.
İndi sosial media adlandırılan fenomen sözün bütün mənalarında ənənəvi mediaya meydan oxuyur. Və sosial medianın ortaya çıxması ənənəvi medianı da dəyişdirir. Xəbər oxumaq vərdişimiz dəyişir. Eləcə də, sosial media resursları olmadan ənənəvi media da bir işə yaramır.
Musiqidə də böyük dəyişikliklər baş verdi. Kasset, CD-lər tarixə qarışdı. İndi isə növbə kino və teatrlarındır.
Keçən həftə “Apple” şirkəti öz yeni “Apple TV Plus” layihəsini təqdim etdi. Bu platforma vasitəsilə “Apple” də filmlər, seriallar, TV şouları istehsal edəcək. İnternetə yerləşdirilən bu məhsullar ödənişli olacaq.
“Apple” bir çox sahələrdə innovativ bir şirkət olsa da, kino bazarında çox güclü fiqurlar var. Misal üçün, “Netflix” şəbəkəsi hər il yeni layihələrinə 12 milyard dollar ayırır. Artıq heç bir televiziyaya, ya da kinoteatra ehtiyac yoxdur.
13 dollara bütün bu serialları, filmləri, verilişləri və eləcə də, TV şoularına baxa bilirsiniz.
ABŞ-da bir kino bileti 17-18 dollardır. 150 milyondan çox abunəsi olan “Netflix” artıq modern dövrün fenomenidir. Eləcə də, “Amazon” və “Huhu” da bu bazarda var.
“Apple” da bu bazara girir və o, təkcə öz istehsal etdiyi məhsulları yox, eləcə də, “Amazon”, HBO, “Huhu”nun da məhsullarını satacaq.
“Netflix” bu mənada təklənsə də, bazarın ən böyük sahibidir. Builki “Oscar”da “Netflix”in istehsalı olan “Roma” filmi üç nominasiya üzrə qazandı.
Bu, “Oscar” tarixində bir ilk idi. Çünki film kinoteatrlarda nümayiş edilməmişdi. Amerika kinosunun azman sənətkarı Stiven Spilberq “Oscar”dan sonra “Netflix”ə üsyan bayrağını açdı. Lakin bu tendensiya daimidir.
Elə olmasaydı, Spilberq “Apple” ilə müqavilə imzalayıb onlar üçün serial istehsal etməyə başlamazdı.
Dünyada kinonun tarixi yenidən yazılır.
“Apple” “Netflix”i keçə biləcəkmi?
Bu mübahisəlidir. Amma fakt ortadadır ki, artıq film və seriallar internet məkanında yayımlanmağa başlayır.
Kinoteatr erasının sonu yaxınlaşır. Eləcə də, televiziyanın...
Misal üçün, siz bir seriala baxırsınızsa, hər həftə yeni seriyanı gözləməlisiniz.
“Netflix” isə bir sezonun bütün seriyalarını eyni vaxtda öz platformasına yerləşdirir.
Bu mənada, səbrsiz müasir tamaşaçı üçün ideal vəziyyət yaradır.
Üstəlik, “Netflix”in nəhəng büdcəsi və çox orijinal filmləri...
“Game of Thrones” kimi bahalı bir layihəni icra edən HBO telekanalının filmlərə ayırdığı büdcə cəmi 5 milyarddır.
“Netflix”dən 2.6 dəfə az...
“Apple” şirkətinin isə 257 milyard dollarlıq rezervləri var. Bu layihə üçün hələlik 1 milyard dollar ayırırlar. Bu cür dəyişikliklər, adətən, Amerikadan başlayır.
Qaydalar yenidən yazılır.
Türkiyə də bu prosesə meyillənir.
“Puhu” TV, “Blue” TV kimi platformalar artıq fəaliyyət göstərir.
Bütün gün əlində telefon olan insanları kinoteatra, ya da televizor qarşısına gətirməkdənsə, onları telefondan salamlamaq daha məqbuldur.
Bu axın bizə də sirayət edəcək. Bəlkə, o zaman keyfiyyətli film və seriallar izləyə biləcəyik.
Rəylər