Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Daha pis zamanlar olub, amma bundan əclafı olmayıb
Qan Turalı yazır...
O mahnının sözləri həmişə yadımdadır.
Təkcə gözəl bir mahnının nəqəratı kimi yox, həm də bir sual kimi:
“Modern zamanlarda aşk yorulmuş mudur?”
Deyirlər ki, bundan pis zamanlar olub, amma bundan daha əclaf zaman olmayıb.
60-cı illərdə yazılmış bir romanı vərəqləyirəm.
Qəhrəmanlar öz aralarında Leyli və Məcnuna lağ eləyirlər.
“Haradadır o zamanlar ki” deyirlər...
Bəlkə, daim lağ ediblər.
Elə öz dövründə də Qeysə Məcnun dedilər, dönüb aşiq demədilər ki...
Amma eşq daima vardı.
Bəs indiki zamanda?
“Modern zamanlarda aşk yorulmuş mudur?”
Bəşəriyyətin ən az inanclı olduğu bir dövrdə yaşayırıq.
Nə Tanrıya inam qalıb, nə bütün müqəddəs hisslərə...
Şekspirin dediklərindən də tragikdir vəziyyət:
“Görmürsən ki, inancın biri olub bir qəpik,
Görmürsən ki, yoxsullar səadətdən şikəstdir.
Görmürsən ki, tapdanır cəsurların qüruru,
Ləyaqəti it kimi azdırıblar uzaqda”.
Tarkovskinin stalkerinin o ağrılı nidasını eşidirəm: “Axı onlar inanmırlar”.
Yollar məbədə aparmır.
“Instagram”a aparır.
Sosial media sayəsində insanlar başqa adamlara daha yaxındırlar.
Bəlkə, bir bədənə toxuna bilirlər, amma ruhlar ayrılığa susayıb.
Haradadır nəvazişli bir dost əli...
Bir cümlə şirin söz...
Kommentə yazılanı yox.
Gözünün içinə baxa-baxa deyilən bir söz...
Ya da sözsüz bir baxış...
“Mən səni sevirəm”, “Mən sənə heyranam”, “Mən səni anlayıram” mənaları verən bir baxış...
Selfilərdə ölür bəşəriyyət...
Ruh ölür, bütün gözəl duyğular zamanın göstərişli mühitində darmadağın olur.
Hər şeyi sürətlə yaşamaq istəyirik.
Hər şeyi tükətmək istəyirik.
Heç nəyə səbrimiz qalmayıb.
Ruhumuz bu sürətə dözmür, sürətlə qocalır.
Bu sürət əsrində ömrümüz artır, amma ruhumuz asta-asta ölür.
Böyük plazalarda, tıxaclarda, metro tünlüklərində...
Bizi cari həyatından darıxdırıcı ritmindən xilas edən bir şeyin arzusundayıq.
Modern zamanlarda yorulan bir şeyin...
Bəlkə də, modern zamanlarda eşq yorulubdur.
Lakin indi ona indi daha çox ehtiyacımız var.
İndi daha çox sevməyə ehtiyacımız var.
Hər şeyin alınıb-satıldığı, müqəddəsliyin hər gün azaldığı, işığın hər gün öləzidiyi bir zamanda eşqdən böyük çarə yoxdur.
Çünki insanları ancaq sevgi xilas edir.
Şekspir bayaqkı sonetini belə tamamlayır:
“Məndən olsa, ölərdim, elə bu gün, bu axşam,
Səni tənha qoymaq var... ona görə qalmışam!”
Bəlkə, bu yorucu gündə düşünürsünüz ki, bu yazı haradan çıxdı.
“Bu dünyada sevgi var”.
Və bunu xatırlamaq gərəkdir...
Hər şeyə inad...
...Sevgini xatırlamaq...
Rəylər