Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Avamların mədəniyyəti: Onlar elə meyxanaya qulaq asmalıdır
Qan Turalı yazır...
Bəri başdan bir şey deyək.
Kim nə istəyər, onu oxuyar, ona qulaq asar, ona baxar.
Ancaq...
Nəyin nə olduğu da çox aşkar...
İncəsənətin nə olduğu isə çoxdan müəyyən edilib.
Şərq ənənələri üzərində poeziyamız tarixən çox güclü inkişaf yolu keçib.
Yazılı ədəbiyyatımız XIII əsrdən başlayır.
Və adları ancaq Şərqə yox, eləcə də, Qərbə bəlli olan çox görkəmli şairlərimiz yetişib.
Və XII əsrdə Nizami kimi görkəmli bir sənətkar yetirdirmiş Azərbaycan xalqı bu gün meyxananı müzakirə edir.
Yox, burda demaqogiyaya baş vurmağın səmərəsi yoxdur.
Məsələ bundadır ki, meyxananın arxalandığı qəzəl janrı çoxdan öz iflasını elan edib.
Ya da başqa cür deyək, tarixi ömrünü başa vurub.
Ədəbi janrlar, cərəyanlar da belədir.
Hələ Axundov XIX ərin ortalarında özünə xas olan maksimalizmlə elan edirdi ki, Füzuli şair deyil.
Onun sözlərini Füzulinin özünə yox, onun epiqonçularına (təkrarçılarına) da aid edirlər.
Amma fakt faktlığında qalır.
Qəzəl janrı, ümumilikdə Divan ədəbiyyatı Orta Əsr ədəbiyyatıdır.
Dindən bəhrələnən, ondan ilham alan bir ədəbiyyatdır.
Yeni Dövrdən Avropada da, Şərqdə də bu ədəbi təmayüllər dağılmağa başladı.
Azərbaycan ədəbiyyatında qəzəlin sonuncu mogikanı Seyid Əzim idi.
Onun tələbəsi olan Sabir də, Seyid Hüseynin dediyinə görə, qəzəldə uğur qazana bilmədi və mollanəsrəddinçilərlə yaxınlaşdıqdan sonra parlamağa başladı.
Sabirin estetik üslubu forma baxımından qəzəl olsa da, məzmun baxımından öz dövrünün mütərəqqi maarifçi meyillərini ifadə edirdi.
Bir növ, o, qəzəli dekonstruksiya etmişdi.
XX əsr ədəbiyyatı isə realist poeziyanın yüksəlişi idi.
Bəli, Əliağa Vahid kimi relikt, nadir nümunə mövcud olsa belə, o, şeiriyyətdə Səməd Vurğun, Müşfiq, Əli Kərim səviyyəsinə ucala bilməzdi.
Onun yaradıcılığı, sadəcə, qədim dövrün eksponatı idi.
Meyxanaya gəldikdə isə...
Onu folklor adlandırmaq nə qədər doğrudur, əmin deyiləm.
(Hər halda Folklor İnstitutu meyxana toplamır)
XXI əsrdə folklor?
Lakin folklor özü də incəsənət sayıla bilməz.
Folklor incəsənətin yazılı ədəbiyyataqədərki dövrünü təyin edir.
Bəli, folklor incəsənətə ilham verə, ona müəyyən mənada təsir göstərə bilər.
Lakin incəsənət əbədiyaşar bir şeydir.
Dünya durduqca Homer olacaq, Bethoven yaşayacaq, Mikelancelo qalacaq.
Bəs meyxana?
Nizami dövrünün demirəm, bir əsrdir yaşayan bir meyxana varmı?
Əlbəttə ki, yox...
Xalqın mənəvi varlığını meyxanaçılarmı qoruyacaq?
Onu gələcək nəsillərə meyxanaçılar çatdıracaq?
Əlbəttə, bəzi yüksək təhsil görməmişlərin meyxanadan zövq almaq haqqı var.
Bu haqqı heç kim onlardan almır.
Lamartin şeirindən, Pamuk romanından, Yusif Səmədoğlu prozasından zövq ala bilməyən insan elə meyxanaya qulaq asmalıdır.
Lakin heç bir meyxana əsl poeziyanın, həqiqi musiqinin yerini verə bilməz.
Meyxananın əsl keyfiyyəti onun şifahi deyilməsindədir.
O deyilən sözləri bir kağıza yazın.
Sonra girib Müşfiqin “Yenə o bağ olaydı” şeirinə baxın...
Səməd Vurğunun “Ceyran”, Əli Kərimin “Fraqmentlər”inə...
İncəsənətə çoxlu təriflər verilib və verilir.
Bu təriflərin hamısında vurğulanan bir məqam incəsənət əsərinin estetik bir məzmun daşımasıdır.
Kimsə meyxananın estetik bir məzmun daşıdığını iddia edirsə, biz onunla mübahisə etməməyi üstün tutardıq.
Çünki hər bir estetik məzmun mahiyyət etibarilə müstəqil bir dəyər daşısa belə qavrayış prosesində subyektivdir.
Bu mənada, Bethoven daim öz uca taxtında qalsa da, kimsə onu qavraya bilmirsə, məsələ qavrayanın təfəkkürünün məhdudluğundadır.
Bethovendə deyil.
Və estetik dəyəri olmayan hər hansı bir film, roman, şeir və eləcə də, meyxana kimin üçünsə ciddi sənət əsəri sayılırsa, bu qiymət də qavrayananın, subyektin təfəkkürünün nəticəsidir.
Nitsşe deyir ki, zövqlər haqqında müzakirə etməzlər, deyirsiniz, lakin tarix zövqlərin mübahisəsindən ibarətdir.
Ona əlavə kimi qeyd etməliyik ki, məsələ zövqlərin mübahisəsi deyil.
Zövqün və zövqsüzlüyün müqayisəsidir.
İstedadla istedadsızlığın, maariflə zülmətin mübarizəsidir.
Tarixin özü qədər qədim bir mübahisə...
Rəylər