Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Veysəl oğlu Əliyevin meyitinin qalıqları Tərtər rayonunun Kələntərli kəndinə gətirilib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib, onun nəşi Tərtər rayonu ümumşəhər qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Kəlbəcər və Tərtər rayonlarının vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Ədalət Veysəl oğlu Əliyev 1973-cü il sentyabrın 18-də Kəlbəcər rayonunun Çorman kəndində anadan olub. O, 1994-cü il yanvarın 27-də Kəlbəcər rayonunun Bozlu kəndi istiqamətində itkin düşüb.