Kubra Məhərrəmova yazır...
Əsrlər boyu qadının cəmiyyətdə yeri müxtəlif tarixi, siyasi və dini münasibətlərə görə dəyişib.
Vaxt var idi ki, orta əsrlər Avropasında kürən, ya da gözəl qadınları cadugər adı ilə tonqalda yandırırdılar. Adını da qoymuşdular müqəddəs inkvizisiya. Yəni katolik kilsəsi "kafirlərə" qarşı mübarizə aparır. Orta əsr kişilərinin fikrincə gözəl, ya da kürən qadın cadugərdir, sehr ilə kişiləri özünə aşıq edir və yazıq kişiləri yoldan çıxarır.
Daha sonra Avropa mədəniyyəti, ya da buna konkret Qərb mədəniyyəti də deyə bilərik ki, bu toplum bir sıra tarixi, iqtisadi islahatlardan keçəndən sonra qərara gəldi ki, deyəsən qadın əşya, ya da kölə deyil. Sən demə, o da bir adamdır və onun da azadlığı, hüquqları var. Ən azından Qərbdə daha kürən və gözəl qadınları tonqalda yandırmırlar. Düzdür, uzun illər, tarix boyunca qadın kişinin kölgəsi, qulu və qulluqçusu olub. Bəzi tarixi personalar olan qadınları çıxmaq şərti ilə deyə bilərik ki, kişi əzən, qadın əzilən tərəf olub.
Məsələn, qadınların bu gün də Əfqanıstan, Livan, İraq, Suriya və s. ölkələrdə dini pərdə altında hansı təcavüz və istismara məruz qalması göz qabağındadır. Əlavə sübuta ehtiyac yoxdur. Biz hələ qalın və qara pərdələr altında nələrin baş verdiyindən xəbərdar deyilik. Sadəcə o coğrafiyada doğulan, yaşayan və vəfat edən qadınların halına yana bilərik. Çünki əlimizdən başqa iş gəlmir. Təəssüflər olsun ki, bu, 2024-cü ildə baş verir.
Dünyanın başqa hissəsində qadın haqq və azadlıqlarının yüksək səviyyədə müəyyən olunması, qanunda əksini tapması bizə yaxşı şeylərə ümid etmək üçün daha çox imkan yaradır. Bunun üçün təbii ki, bəzi cəmiyyətlər, mədəniyyətlər xeyli yol keçiblər. Bu gün də onun bəhrəsini yeyirlər.
Mövzu qadın haqq və hüquqlarının inkişaf mərhələlərini müzakirə etməkdən getmir. Məsələyə bir az da öz qapımızdan, küçəmizdən və məhəlləmizdən baxaq deyirəm.
Bizim cəmiyyət üçün qadın bir tərəfdən müqəddəs, digər tərəfdən isə nökər olub.
Eyni qadın qız-gəlin statusunda kölə, qayınana-ana statusunda isə ağbirçək olub, hörmətə minib, söz və hökm sahibi olub. Ətəyində namaz qılınıb, müqəddəsləşib. Özü də kişilər tərəfindən. Maraqlıdır görəsən bizim mental yaddaşımızda niyə qız övladı duz yükü kimi dəyərləndirilib?
Niyə bir çox ailələrdə elə indinin özündə də qız uşaqları kölə, nökər kimi böyüdülür? Niyə, əgər bir ailədə həm oğlan, həm də qız uşağı varsa, qız uşağının qardaşa nökər, qulluqçu kimi itaətdə olması tərbiyə olunur?
Onsuz da bir bacının bir qardaşı sevməsindən üstün bir sevgi mümkün deyil, sonunda canının bir parçasıdır. Amma və lakin sən qızsan, o isə oğlan düşüncəsi ailələri tərk etmir. Ona olar, sənə yox. Get qardaşına çay gətir, yemək apar və s. kimi sözlər, tərbiyə metodları hələ də gündəmdədir.
Bu tərbiyə ilə böyüyən oğlan uşağının sonradan qadınlara alçaldıcı münasibətindən isə təəccüblənməli deyilik. Çünki, bu halda o günahkar deyil. Ona tərbiyə verən ana belə düşünür ki, onun oğlu hamıdan artıqdır və digər cinsin nümayəndəsi ona tay ola bilməz. Bu qəbildən münasibətlərlə böyüyən oğlan uşağı sabah kişi olur və həyat yoldaşına da elə bu cür münasibət bəsləyir. Əksər kişilərin həyat yoldaşlarına xitabı "evdəkilər"dir. Bu "evdəkilər" nəsə məchul bir anlam verir. Məlumatı olmayan şəxs "evdəkilər" düşünəndə ağlına canlı-cansız hər şey gələ bilər. Ev əşyasından tutmuş, hər şeyə kimi.
Təbii ki, bu bəsit münasibətlər sistemində yaşayan kişi üçün qadın şəxsiyyət deyil. Qadın onun üçün evdə uşaqlıqdan qayğısını çəkən, qabağında nökər olan bacıdır, hökmü olan nənədir, bir də evləndiyi "evdəkilər"dir.
Dünyagörüşü bununla məhdudlaşan kişi üçün qadının güclü olması, qadının karyera inkişafı nə dərəcədə maraqlı ola bilər ki?
Qadının iç dünyasının nədən ibarət olması onu çoxmu narahat edəcək? Qadının haqq və hüquqlarını tələb etməsi onun üçün nə qədər vacib olacaq?
Ritorik sualladır, anlayıram.
Amma bu məsələdə ilk günahı oğul analarında görürəm. Çünki qadına dəyər verməyən, qadını ümumiyyətlə adam hesab etməyən, daha aşağı zümrəyə aid edən kişiləri qadın-ana yaradır. Əvvəl dünyaya gətirir, daha sonra onu formalaşdırır. Bu o anaların yaratdığı sənət nümunələridir.
Çox maraqlıdır ki, uşaqlarımıza ingilisdilli təhsil veririk, xarici universitetlərə oxumağa göndəririk, amma beyinlərinin zəhərini də əskik etmirik. Hətta çoxları bir kişinin məişət qayğılarını həyat yoldaşı ilə bölüşməsini belə qəbul edə bilmir. Evdə qadına dəstək olmaq çoxları üçün alçaldıcı məqamdır. Hətta bütün gecəni yatmayıb, körpəyə baxan ananın səhər açılan kimi həyat yoldaşını işə yola salması, daha sonra evin bütün qayğılarını çiynində daşıması adi və normaldır. Əgər bir gecə bir saatlıq o körpəyə uşağın doğma atası baxsa, bu böyük qəhrəmanlıq və 100 ildə bir baş verən təbiət hadisəsi kimi dəyərləndiriləcək. Amma heç kim deməyəcək ki, bəs bu qadın, bu ana uşağı atası evindən gətirməyib. Bu uşaq hər iki valideynin birgə övladıdır və məsuliyyəti hər iki valideyn çəkməlidir. Mən çox gözəl anlayıram ki, bu sistemləşmiş, daşlaşmış fikirlərə qarşı hansı arqumenti səsləndirsəm, yenə də cəmiyyətin əksəriyyəti məni və mənim kimi düşünənləri səhv çıxardacaq. Nə edək, biz də belə ala-qarğa olmuşuq.
Adamı incidən həm də odur ki, bu cür düşünənlər həm cavan nəsildir, həm də yaşlı.
Ötən gün İTV-də yayımlanan "Persona" verilişində qonaq olan qrosmeyster Şəhriyar Məmmədyarov qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu bildirməsi sosial şəbəkələrdə narazılıqla qarşılandı. Sosial şəbəkələrdə qütbləşmə, qadın və kişi cəbhəsi yarandı.
Məni təəssüfləndirən isə o oldu ki, biz hələ də kimin daha üstün olması barədə mübahisə aparırıq. Biz hələ də qadın və kişinin mahiyyətini anlamadan, bəzi absurd fikirlər səsləndiririk.
Biz hər gün daha da inkişaf etməkdənsə, daha çox deqradasiyaya uğrayırıq.
Bu nə gülünc müqayisədir? Əgər biz hələ də, qadın yoxsa kişi güclüdür davasını döyürüksə, gedəcəyimiz çox uzun yol var. Çünki qadın və kişi bazarda satılan məhsul deyil ki, onun keyfiyyətlərini sadalayaraq hansının daha baha məhsul olmasına qərar verək.
Rəylər