Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasında bəzi kommunal xidmətlərin dayandırılacağı barədə iddialara aydınlıq gətirilib.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurum tərəfindən belə bir qərar verilməyib.
"Binanın su təminatında heç bir problem yoxdur", - deyə o qeyd edib.
"Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu da Oxu.Az-a açıqlamasında deyib ki, sözügedən binada elektrik enerjisinin verilişi dayandırılmayıb.
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyevə də sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusunu cavablandıran E.Vəliyev "Azəriqaz" tərəfindən binada hər hansı məhdudlaşdırılma olmadığını qeyd etdi:
"Sözügedən bina sakinləri ilə bizim qurumun heç bir problemi yoxdur. Çünki binalarda quraşdırılan sayğaclar smart-kart tipli sayğaclardır. Yəni abonentlər əvvəlcədən ödənişini edəndən sonra mavi yanacaqdan istifadə edirlər".
13:46
Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasına 1 iyun 2024-cü il tarixdən "Jurnalist EVİ" MMC tərəfindən göstərilən bütün xidmətlər dayandırılır.
Buna səbəb kimi yığımın olmaması və kütləvi borcun yaranması əsas göstərilib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan binanın komendantı Orxan Mehdiyev bildirib ki, bir sıra sakinlər müntəzəm olaraq göstərilən xidmətlərə tələb olunan borcları ödəmirlər:
"Dayandırılacaq xidmətlər lift, xadimə və mühafizədir. Pul yığmağı da dayandıracağıq. Xidmətin dayandırılması yığılan borclarla bağlıdır. Dəfələrlə bina sakinlərinə müraciət etsək də, heç bir ödəniş edilmir. Ödəyənlər isə yalnız müəyyən bir qrupdur ".
Əzizə İsmayılova