Zaqatala rayon Abdurahman Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbi və Üçüncü Tala kənd körpələr evi-uşaq bağçasının fəaliyyəti bərpa olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, mayın 20-də aramsız yağan yağış nəticəsində Zaqatala rayonunun Tala kəndi ərazisindən keçən Tala çayı öz məcrasından çıxıb və nəticədə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Zaqatala rayon Abdurahman Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbi və Üçüncü Tala kənd körpələr evi-uşaq bağçasının həyətini su basıb. Bu hadisə ilə əlaqədar tədris prosesi 1 günlük dayandırılıb.
"Müvafiq qurumlar tərəfindən məktəbin və bağçanın zərər görmüş sahələrində təcili suyun çəkilməsi və yaranmış ziyanın aradan qaldırılması işləri həyata keçirilib. Hazırda hər iki təhsil müəssisəsində tədris prosesi bərpa olunub", - deyə məlumatda qeyd edilib.
Aytac Qasımova