Mayın 21-də Sumqayıt şəhərində qadının üç azyaşlı uşağına dərman verərək onları zəhərlədiyi iddia olunub. Bildirilir ki, sonra qadın özü də dərman içib.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Oxu.Az-ın sorğusuna cavabında qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına hospitalizasiya olunan dörd nəfərin hamısına müvafiq tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirildiyindən valideynin yazılı iltizamnaməsi əsasında onların hər biri ambulator müalicə üçün evə buraxılıb.
Məsələyə həssaslıqla yanaşan şəxslər bu halda uşaqların evə buraxılmasını təhlükəli hesab edirlər. Yəni əgər ana bir dəfə uşaqlarını zəhərləməyə cəhd edibsə, bunun təkrarlanma ehtimalı da yüksəkdir.
Belə olan halda bunun hüquqi məsuliyyəti nədir? Ümumiyyətlə, zərərçəkən hansı hallarda valideyn və yaxud da ailəyə yaxın olan şəxslərdən birinin iltizamnaməsi əsasında xəstəxanadan çıxarıla bilməz?
Hüquqşünas Ramiq Axundov Oxu.Az-a açıqlamasında bildirib ki, bu məsələ Cinayət Məcəlləsinin 142-ci maddəsi ilə tənzimlənir:
"Birinci növbədə araşdırma aparılmalıdır. İlkin olaraq ananın əməlinə qiymət vermək lazımdır ki, o, dərmanı uşaqlara hansı niyyətlə verib. Əgər ananın niyyəti uşaqlara həmin dərmanı verib öldürmək idisə, bu zaman əməl müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.7 maddəsinin ikinci hissəsində həm iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd kimi, həm də 120.2.9 maddəsi ilə təqsirkar şəxs üçün aşkar şəkildə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə cəhd kimi tövsif olunmalıdır.
Yox, əgər istintaq müəyyən etsə ki, ananın əməlində cinayət tərkibi yoxdur, bu dərmanları sırf müalicəvi, profilaktika məqsədlə veribsə, deməli, burada ananın əməlində cinayət tərkibinin olmamasına xitam verilməlidir.
Xəstəxana və həkimlərin davranışına gəlincə, Cinayət Məcəlləsinin 142-ci maddəsi var - xəstəyə kömək göstərməmək. Həmin maddəyə görə, qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan ona tibbi yardım göstərilməməsi nəticəsində şəxsin sağlamlığına az ağır zərər vurma məsuliyyət yaradır. Bununla bağlı istintaq orqanı araşdırma aparmalıdır. Buna görə də Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzindən xəstənin xəstəxanada, yoxsa ev şəraitində müalicə olunması ilə bağlı rəy alınmalıdır.
Bu rəyin nəticəsində əməlin tövsif olunması ilə bağlı məsələ ortaya çıxacaq. Rəy gəlsə ki, həkim artıq zərərçəkənin xəstəxanada müalicə almasını zəruri hesab etmir, o halda burada cinayət tərkibi yoxdur.
Əgər xəstəyə yardım göstərməyib köməksiz vəziyyətdə qoyubsa, müvafiq olaraq 142-ci maddənin tərkibi əlamətləri formalaşır.
Yekun olaraq bildirim ki, burada ananın subyektiv səbəblə bağlı əməlinə qiymət verilməlidir. Yəni ana bilirdimi ki, bu dərmanların əks-təsiri ola bilər? Həmin dərmanları verməkdə niyyəti nə idi? - Əsas bu məsələlər araşdırılmalıdır. Daha sonra isə xəstəxananın əməli araşdırılmalıdır ki, hansı vəziyyətdə uşaqları ambulator müalicəyə yola salıb".
Hüquqşünas əlavə edib ki, əgər zərərçəkənin vəziyyəti qənaətbəxş deyilsə və tibb işçiləri xəstənin müalicə almasını tövsiyə etdikləri halda valideyn israrla şəxsi aparmaq istəyirsə, aidiyyəti qurumlara müraciət etmək tövsiyə olunur.
Xatırladaq ki, ana və üç azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma başlanıb.
Almaz Qasımova