Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sakit Okeana, uzaq diyarın təbii sərvətlərinə çıxış olan BAM-ın tikintisində Heydər Əliyev imzası - FOTO
XX əsrin ən böyük tikintilərindən biri Baykal-Amur Magistralının (BAM) inşası olub. BAM Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan dəmiryolu magistralı olub. Dünyanın ən mürəkkəb tuneli sayılan və xarici ölkələrin şirkətlərinin inşa edə bilmədiyi Baykal-Amur Magistralındakı Severomuyski tuneli məhz ümummilli lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən onun birbaşa rəhbərliyi ilə uğurla tikilib.
Hətta Baykal-Amur Magistralının tikintisində iştirak edən azərbaycanlı inşaatçıların şərəfinə abidə də ucaldılıb. İlk inşaatçılar Sibir torpaqlarına 1974-cü ildə qədəm basıblar. Tikinti prosesinin gedişatında da bir sıra dəyişikliklər olub. Belə ki, əvvəlcə səkkiz tunelin olması planlaşdırılsa da, daha sonra hökumətin qərarı ilə daha iki tunelin tikintisi də əlavə edilib. Azərbaycanlı inşaatçılar tərəfindən tikilən tunellərin arasında Severomuyski tuneli dünyada ən mürəkkəb tunel olaraq qiymətləndirilib.
Qeyd edək ki, sovet dövrünün möcüzələrindən sayılan BAM-ın tikinti prosesində ittifaqın bütün respublikalarının vətəndaşları və millətləri yaxından iştirak ediblər. Azərbaycan xalqının nümayəndələri də onların arasında olublar.
Rusiyalı sahibkar, Tuva Enerji Sənaye Korporasiyası ASC-nin sahibi, “Most SK” şirkətlər qrupunun əsas səhmdarı, “Forbes” jurnalının 2018-ci ildə 900 milyon dollarlıq sərvəti ilə “Rusiyanın 200 ən varlı iş adamı” siyahısına daxil olan Ruslan Baysarov mətbuata açıqlamalarından birində qeyd edib ki, orada cəmi 45 kilometr tunel tikmişik:
“Bu tunelin uzunluğu isə 15,5 kilometrdir. Siyasi Büro əvvəlcə cəmi səkkiz tunelin tikintisini planlaşdırmışdı. Heydər Əliyev gələndə fəhlələr ona izah etdilər ki, əlavə iki dolanbac tunel tikilməsi də zəruridir. Heydər Əliyev “Bamtonnelstroy” işçiləri ilə birgə elə yerindəcə qərar qəbul etdi. Orada daha iki dolanbac tunel tikildi. Təsəvvür edirsinizmi? Bu, çox mürəkkəb, çox maraqlı obyektdir və indiyə qədər dünyada ən mürəkkəb obyektlərdən biri kimi qalır”.
Xatırladaq ki, ulu öndər Heydər Əliyevin birbaşa nəzarət etdiyi BAM-ın tikintisi öz çətinliyi və ziddiyyətləri ilə seçilib. Miqyasına görə dünyada analoqu olmayan layihə böyük olduğu qədər də çoxlu problemə malik olub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikintisi vüsət götürən magistralın 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edilib və onun ətrafında Ulkan qəsəbəsi salınıb. Həmin qəsəbənin salınması isə birbaşa ulu öndərin nəzarəti altında həyata keçirilib. Onu da əlavə edək ki, Azərbaycandan ilk inşaat dəstəsi bu ərazilərə 1975-ci ilin əvvəlində gəlib. O vaxt Ulkan qəsəbəsinin yalnız adı olub. İndi bu yerlər tanınmaz dərəcədə dəyişib, yeni insan məskəni salınıb. Azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmiryolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırılıb.
Sovet cəmiyyətində BAM-ın tikintisinə münasibət də birmənalı olmayıb. M.Qorbaçovun elan etdiyi yenidənqurmaya qədər onun nəhəngliyi dövlətin böyüklük və məğlubedilməzliyi kimi qəbul edilirdisə, yenidənqurma dövründə ötən illərin bütün nailiyyətlərinin kiçildilməsi prosesi başlanıb. Ancaq Heydər Əliyevin ölkə sənayesinin inkişafı məqsədilə irəli sürdüyü təşəbbüslərin bu günün özündə də məmnunluqla xatırlanması Azərbaycan xalqı və onun liderinə olan ehtiramın nümunəsi sayıla bilər. Təsadüfi deyil ki, 2008-ci il iyulun 18-də BAM-ın Anqoya stansiyasında istifadəyə verilən vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib.
Sibirin və Uzaq Şərqin zəngin təbii sərvətlərinə açar olan 3145 km-lik magistral boyu hər respublika öz şəhərini tikib.
Məlumatlarda qeyd edilir ki, sözügedən magistral tikilən zamanlarda ulu öndər Heydər Əliyevin böyük layihə ilə bağlı xidmətləri bu gün də yüksək səviyyələrdə etiraf və təqdir olunur. 1974-cü ildə tikintisinə qərar verilən layihənin icrası məqsədilə o vaxt hələ Azərbaycana rəhbərlik edən Heydər Əliyevin tapşırığı ilə minlərlə gənc BAM-a yollanıb.
Ümumi uzunluğu 4300 km olan magistralın tikintisinə 1940-cı ildən başlanıb. 1989-cu ildə istifadəyə verilib. Baykal-Amur Magistralının tikilməsinin şərəfinə 1976-cı ildə “Baykal-Amur magistralının tikintisinə görə” medalı da təsis edilib.
BAM fəaliyyətə başladıqdan sonra müxtəlif illərdə magistralın yaranmasının şərəfinə ölkələrdə konfranslar, tədbirlər keçirilirdi. Belə möhtəşəm tədbirlərdən biri də BAM-ın yaranmasının 25 illiyi şərəfinə 1999-cu il 7 iyul tarixində Bakıda keçirilib. Təşkilat komitəsinin Bakı şəhərində keçirilən konfransında ulu öndər Heydər Əliyev də çıxış edib. 1984-cü ildə Baykal-Amur Magistralının çəkilmiş hissəsindən keçmək və tikintidə iştirak etmiş adamların bir çoxu ilə şəxsən görüşmüş ulu öndər Heydər Əliyev çıxışında bu məqamları qeyd edib:
“Sovet İttifaqının rəhbərlərindən biri, SSRİ Nazirlər Sovetinin xüsusi komissiyasına başçılıq etmiş bir şəxs kimi, mənə 1984-cü ildə magistralın çəkilmiş hissəsindən keçmək və tikintidə iştirak etmiş adamların bir çoxu ilə şəxsən görüşmək nəsib olub. Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından istifadə edilməsi və məhsuldar qüvvələrinin inkişafının sürətləndirilməsi ilə əlaqədar BAM-a böyük ümidlər bəslənilirdi. SSRİ-nin süqutuna gətirib çıxarmış mürəkkəb siyasi proseslər 1984-cü ildə magistralın tikintisi üzrə SSRİ Nazirlər Soveti komissiyasının səyyar iclasında nəzərdə tutulanların hamısını tam həcmdə həyata keçirməyə imkan vermədi.
Mənim xatirəmdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qaldı. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır. Bu tarixi magistralı inşa etmiş adamların hamısına, bu gün BAM-ın şəhər və qəsəbələrində yaşayıb çalışanların hamısına səadət, cansağlığı və uğurlar arzu edirəm”.
Layihənin üzərindən illər keçsə də, bu gün də ulu öndərin BAM tikintisində verdiyi qərarlar təqdir edilir. Belə ki, bir neçə ay öncə Moskvada “Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisində müstəsna rolu” mövzusunda keçirilən tədbirdə çıxış edən Rusiya nəqliyyat nazirinin müavini Valentin İvanov müasir Azərbaycanın qurucusu Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisinə rəhbərliyindən danışıb.
O bildirib ki, çətin və gərgin inşa prosesində Heydər Əliyevin verdiyi operativ qərarlar hər zaman özünü doğruldub:
“BAM-a rəhbərlik edən şəxslərdən biri məhz Heydər Əliyev oldu. Heydər Əliyevin səyləri nəticəsində minlərlə kilometr dəmiryolu xətti çəkilib, yeni qəsəbələr və şəhərlər salınıb. Bu gün BAM və “Trans-Sibir” həyat yollarıdır. Onlar aktiv inkişaf edir və 100 faiz istifadə olunur. Biz uzaqgörən siyasətçilərin əsasını qoyduğu BAM-ı inkişaf etdirməyə davam edəcəyik”.
Bütün bunlar Heydər Əliyevin Azərbaycan tarixində oynadığı mühüm roldan, həyata keçirdiyi genişmiqyaslı işlərdən, layihələrdən xəbər verir.
Eyni zamanda, bu, tarixi məlumatlar, mənbələr yeni nəslin ötən əsrlərə ekskurs etməsinə zəmin yaradır. Çünki Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyi ilə münasibətləri, bu münasibətlərdən istifadə edərək, ölkəmizin sənayeləşməsi, inkişaf etdirilməsi istiqamətində atdığı mühüm addımlar danılmazdır.
Ulu öndər yaxşı siyasətçi, idarəçi olduğu qədər istənilən sahədə dərin biliklərə sahib bir şəxsiyyət idi. Belə ki, Rusiyanın ilk dəmir yolları naziri, daha sonra isə “Rusiya Dəmir Yolları” (RJD) ASC-nin birinci prezidenti olmuş Gennadi Fadeyev Baykal-Amur Magistralının çəkilişindəki xidmətlərinə həsr olunmuş sərgidə çıxış edərkən Heydər Əliyevin dəmiryolu nəqliyyatı sahəsini yaxşı bildiyini, onunla bu mövzuda söhbət etməyin nə qədər maraqlı olduğunu diqqətə çatdırıb:
“Bu gün burada olmağıma görə Heydər Əliyevə minnətdaram. Çünki Heydər Əliyev mənim həyatımda, karyeramda mühüm rol oynayıb. Rusiyanın rabitə nazirinin birinci müavini vəzifəsinə namizədliyim təsdiq olunarkən o vaxtlar Siyasi Büronun üzvü, keçmiş Sovet İttifaqı hökuməti sədrinin birinci müavini olan Heydər Əliyevlə görüşümüz olmuşdu. Heydər Əliyev təyinatım olan sənədi imzalamazdan əvvəl mənimlə uzun müddət söhbət etdi. O, dəmiryolu nəqliyyatının işinə yaxşı bələd idi. Üstəlik, istənilən nəslin nümayəndəsi ilə yaxşı danışıq aparmağı bilən xoş ruhlu insan idi”.
Ulu öndər istər ölkədə, istərsə də xaricdə bir çox insanın həyatında silinməz izlər qoymaqla yanaşı, eyni zamanda həyata keçirilən genişmiqyaslı layihələrdə ölkəmizin tarixinə qızıl hərflərlə yazılan, bu gün də ölkə iqtisadiyyatına, siyasətinə töhfə verən addımları ilə yaddaşlarda qalıb.
Həmin şəxslərdən biri də Sosialist Əməyi Qəhrəmanı, bir vaxtlar “Lenabamstroy” trestinin 266 nömrəli tikinti-montaj qatarının kompleks briqadasının rəisi vəzifəsində çalışmış Leonid Kazakov olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və onun Baykal-Amur Magistralının tikintisindəki xidmətlərinə həsr olunan sərgisində çıxışı zamanı o, Heydər Əliyevlə tanışlığın həyatına böyük təsir etdiyini deyib:
“Mən Heydər Əliyevi xaç atam hesab edirəm, çünki 1985-ci ilin dekabrında onunla birlikdə Monqolustanda ezamiyyətdə idik. Moskvaya qayıdandan sonra isə mən Həmkarlar İttifaqları Mərkəzi Şurasının (HİMŞ) katibi seçildim. Heydər Əliyevlə görüşdüyüm üçün taleyimə minnətdaram. Onun ünsiyyətdəki sadəliyi və yumor hissi məni heyran edirdi, sanki onu yüz ildir tanıyırdım, onunla işləmək çox rahat idi. Taleyimə minnətdaram ki, belə gözəl insanla tanışlığım olub”.
H.Əliyev təxminən 50 il bundan əvvəl BAM-ın gələcəkdə nə qədər önəmli rol oynayacağını görürdü. Bunun əhəmiyyətini nəzərə alaraq bəlkə də bəzən üstüörtülü, bəzən çətin müzakirələrə qoşulur və inandığı yoldan dönmədən mübarizə aparırdı. BAM-ın inşasında onun rolu məhz yeritdiyi siyasətlə yanaşı mənəvi dəyərlərimizi də qoruduğunun bariz nümunəsidir. Çətin dövrdə tək bu cür mübarizəyə girmək və qalib olmaq yalnız dahi liderlərə məxsus ola bilər. Həmin dövrdə də Heydər Əliyevin əsas amalı məhz azərbaycançılıq olub. Onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev də bu gün ölkəni həmin mənəvi dəyərlərə sadiq qalaraq idarə edir, siyasi və iqtisadi suverenliyin qorunması üçün əlindən gələni edərək bir çox genişmiqyaslı tarixi layihələrə imza atır.
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.
Könül Cəfərli
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Zakir Həsənov müşavirə keçirdi, konkret tapşırıqlar verdi
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Milli Dirçəliş Günü - Azərbaycan tarixinin qürur səhifəsi
- COP29 çərçivəsində "Silk Way Alat Free Economic Zone" şirkəti və ICAO arasında razılaşma imzalanıb
- COP29-da iştirak edən nümayəndə heyətlərinin şərəfinə Heydər Əliyev Mərkəzində ziyafət verilib
Rəylər