Dünya memarlığının incisi Şəki xan sarayı 25 ildən sonra təkrar bərpa olunacaq.
Şəkidəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində 83 memarlıq abidəsi mühafizə olunur. Bu abidələrin sırasında Şəki xan sarayı öndə gəlir.
Bizim.media-nın yerli bürosu xəbər verir ki, 2 700 ildən çox yaşı olan Şəki tarixi abidələri, sənətkarlığı, mətbəxi ilə də dünyada seçilməyi bacarıb.
Xan sarayı bütün xüsusiyyət və parametrlərinə görə qoruq ərazisindəki digər abidələrdən fərqlənir. Çünki o, dünya memarlıq incisi kimi xüsusi statusa malikdir. O cümlədən, dünya turizm marşrut və kataloqlarında yerli abidələrimiz arasında ön sırada dayanır.
Bu tarixi abidə 2000-ci illərdə restavrasiya olunub. Lakin mütəxəssislər bildirirlər ki, tarixi abidənin yenidən bərpaya ehtiyacı var.
Xan sarayının həyətinə nə zaman, günün hansı saatında daxil olsan, orada mütləq bir neçə ölkədən qonaqla qarşılaşmaq mümkündür. Kimə yaxınlaşsan, bu möhtəşəm mənzərədən, gördüklərindən zövq aldığını etiraf edəcək. Elə ilk müsahibimiz də Rusiyadan olan Natalya xanımdır. Rusiyalı qonaq Xanın sarayını kənardan xeyli müşahidə edir və şəkillər çəkdirir. Hələ sarayın daxilindən xəbəri olmayan bu turist rənglərin sehrinə düşdüyünü etiraf edir.
Xan sarayının daxilini gəzib, yenicə həyətə düşən və binanın qarşısında əyləşib buradan tarixi abidənin xarici gözəlliyini seyr edən amerikalı Stiv Ariyul isə bunları deyir:
"İlk dəfədir, ölkənizdə qonağıq. Şəkinin tarixi, elə qarşısında əyləşdiyimiz Xan sarayı məni heyrətləndirdi. Əsasən, rənglər, rəsmlər insanı nağıllar aləminə aparır. Çox möhtəşəm bir abidədir. Zövq aldım. İndi şəkillər çəkdirib, ölkəmdə dost və qohumlarımla mütləq paylaşacağam".
O, növbəti illərdə başqa bir fəsildə də buraları gəzmək istədiyini əlavə edir.
Xarici turistlərlə söhbət etdiyimiz anlarda sarayın həyətində Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzi İdarə Heyətinin sədri Murad Ağabəyli ilə qarşılaşırıq. Murad müəllim bildirir ki, doğrudan da, Xan sarayı bir dünya incisidir və onu hər gün yüzlərlə insan ziyarət edir.
Onun sözlərinə görə, ötən 25 ilə yaxın bir müddətdə bu tarixi abidədə heç bir bərpa işi aparılmadığından aşınma və dəyişikliklər baş verir, mütləqdir ki, bu barədə tədbirlər görülsün:
"Biz Xan sarayının bərpa edilməsi ilə bağlı ümumi işlərə başlamışıq. Konkret yerində görülən işlər olmasa da, bundan öncəki bərpalarda istifadə olunan sənədlər, cəlb olunan ekspertlər, xarici ekspertlər yenidən prosesə qoşulublar. Həmin ekspertlərin iştirakı ilə biz növbəti mərhələdə Xan sarayını hansı formada bərpa edəcəyimiz barədə yekun fikirlərə gəlmək istəyirik".
Qurum rəsmisi, həmçinin, yaxın vaxtlarda qoruq ərazisində bərpa işləri aparılan bir neçə tarixi abidədə işlərin tamamlanaraq turistlərin istifadəsinə veriləcəyini bildirir.