Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Əvəz Ələkbərov olub.
O, anadan olduğu Çəmbərək rayonunun Cil kəndindən söhbət açıb. Bildirib ki, gözəl və füsunkar təbiəti, barlı-bəhrəli bağları, məhsuldar torpağı ilə daim xatirələrində yaşatdığı Cil kəndini tez-tez yuxularında görür.
Ə.Ələkbərov Cil sakinlərinin zəhmətkeşliyindən, doğmalığından danışıb.
Bildirib ki, Qərbi Azərbaycanda hər addımda ermənilərin ayrı-seçkiliyinə məruz qalan, onların yaratdıqları süni çətinliklərlə üzləşən, hətta ikinci dərəcəli insan kimi qarşılanan soydaşlarımız yaranmış vəziyyətdən yeganə çıxış yolunu təhsil almaqda görüblər:
"Bundan irəli gələrək, dərslərini yaxşı oxumaq, ali məktəbə qəbul olmaq yeniyetmə və gənclərin əsas hədəfi olub. Cil kənd sakinləri ali təhsil alan gənc həmkəndlilərinə xüsusi hörmət, rəğbət və böyük ümidlə yanaşıblar".
Ötən əsrdə Qərbi Azərbaycanda törədilən soyqırımı və deportasiyalara toxunan professor Ə.Ələkbərov 1918-1920-ci illərdə silahlı daşnak-erməni quldur dəstələri tərəfindən Cil kəndində böyük qırğınlar törədildiyini dilə gətirib.
Alimin sözlərinə görə, sonrakı dövrlərdə də bölgədə yaşayan azərbaycanlılar təqib olunub, doğma el-obasınından didərgin salınıblar.
O, buna nümunə kimi 1948-1953-cü illərin deportasiyasını misal çəkib.
Qeyd edib ki, Qərbi Azərbaycanın səfalı təbiətində yaşayan sakinləri yük vaqonlarında, hətta ev heyvanları ilə birlikdə Azərbaycanının Aran rayonlarına daşıyıblar:
"Bu məcburi köçə məruz qalan azərbaycanlıların böyük hissəsi iqlimi dəyişdiyinə, şəraitsizliyə və digər qeyri-insani rəftarlara görə vəfat edib. Deportasiya olunanların bəziləri məskunlaşdığı əraziyə zamanla uyğunlaşsalar da, bir qismi Stalinin ölümündən sonra təkrar ata-baba torpağına qayıdıb, yeni yurd-yuva salıblar. Lakin erməni millətçiləri 1980-ci illərin sonunda onları yenidən deportasiyaya məruz qoyublar".
Professor Ə.Ələkbərov 1988-ci il deportasiyasına kimi ata-anasının Cil kəndində yaşadığını diqqətə çatdırıb.
Qeyd edib ki, həmin ilin noyabr-dekabr aylarına qədər soydaşlarımız daim ermənilərin təzyiqləri, fiziki-mənəvi zorakılıqları ilə üzləşiblər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlıların Qarabağda məskunlaşmasına icazə verilmədi"