Kubra Məhərrəmova yazır...
Bu günün möhtəşəmliyinə kölgə atmamaq şərti ilə bir-iki cümlə yazmaq istədim.
Əslində uşaqları məktəbə yola salmaqdan gözəl heç nə yoxdur. Düzdür, eyni şeydir, hər il təkrarlanan hadisələrdir, amma yenə də.
Çünki dünyanın bir çox yerində məktəbə gedə bilməyən uşaqlar var. Nə yaxşı ki, bizim balalar məktəbə gedə bilirlər. Heç nə yox, elə 30 il əvvəl azərbaycanlı balalar Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda bombalar altında məktəbə gedirdilər, sonra nə məktəb qaldı, nə də el-obaları. Hamısı didərgin düşüb gəldilər Bakıya.
Bu gün isə o zamanlar məktəbə gedə bilməyən, uşaqlığı, məktəbi, el-obası, ev-eşiyi əlindən alınan uşaqların övladları məktəbə gedirlər.
Səhər vaxtı Şuşa məktəbinə gedən balacaları görəndə biixtiyar onların valideynləri o yaşda gözümün önündə canlandılar. İstər-istəməz uşaqlığı oğurlananların kədərli gözləri gəldi gözümün qarşısına. Köçkün uşaqlardan 90-cı illərdə bizim məktəbə də gələnlər var idi. Bu uşaqları hara gəldi, necə gəldi Bakı məktəblərinə yerləşdirmişdilər.
Onlar da çaş-baş idi, biz də. Ortada isə çox ayıb, utancverici söz var idi: "Qaçqınlar, torpaqlarını qoyub qaçıblar!" Hansısa axmaq, özündən müştəbeh olan "böyüyün" sözü düşmüşdü uşaqların dilinə. İndi dediyimiz "bullinq" o zaman çox şiddətli yaşanırdı.
Amma bu köçkün uşaqlara baxanda, Qərbi Azərbaycandan didərgin düşmüş azərbaycanlı balaların məktəbdə vəziyyəti lap pis idi. Çünki uşaqlar qəddar, özündən olmayanlara qarşı dözümsüz olurlar. Böyüklər də buna diqqət etməyəndə az qala ölüm-dirim müharibəsi başlayır.
Niyə Qərbi Azərbaycandan olan uşaqların vəziyyəti daha pis idi? Çünki onlar da bir başqa formada bullinqə məruz qalırdılar. Yenə də, hansısa "böyüyün" sözünü balacalar danışırdılar, yenə hansısa içində paxıllıqdan çürüyən "böyüyün" nifrətini uşaqlar qusurdular.
90-cı illərdə zülm-zillət çəkmiş balacaları düşünəndə tüklərim biz-biz olur.
Birincisi, sovetin bəh-bəhli təhsilini almış valideyn və müəllimlər niyə bu bullinqin qarşısını almırdılar? Niyə həyət-bacada belə sözləri eşidəndə, uşağın ağzının üstündən vurmurdular?
Bəlkə elə böyüklərin proyeksiyası idi uşaqlar? Nə yaxşı ki, o vaxt bullinqə məruz qalan qaçqın-məcburi köçkün uşaqlar özlərində güc tapıb həyatda qalmağı bacardılar, böyüdülər. Heç biri özünə qəsd eləmədi. Kim bilir həmin illərdə bullinqə, təzyiqə məruz qalanların neçəsi hərbiyə getdi, işğal olunmuş torpaqların azad olunmasında hansı işləri gördü, əməliyyatlarda açıq, ya da gizli qəhrəman oldu...
Bunu bir özləri, bir də Allah.
Bütün hallarda bu gün gözəldir. Azərbaycanın hər yerində uşaqlar məktəbə gedirlər. Və artıq heç kim qaçqın deyil.
Amma bu qədər ülvi hisslərin qarşısında yenə də üzü palçığa yıxılırıq, özü də şıppıltı ilə. Özü də stabil olaraq hər il.
Məsələ nə imiş?
Məsələ odur ki, hər il olduğu kimi bu il də balacaları məktəbə ötürən böyüklər, "sürpriz" yaratmağa, ətrafı təəccübləndirməyə nail oldular.
Yenə də dəstə-tifaqla, elə bil uşağı məktəbə yox, ölkə xaricinə yola salırmışlar kimi bütün nəsil-köklə küçələrə töküldülər.
Göydə dronlar, yerdə operatorlar, məktəb siniflərində fotoqraflar qan etdilər. Yenə də kimin gül buketi daha "zırpı" olacaq yarışına çıxan valideynlər bir-birinə acıq verdilər.
Yenə də məktəblərin həyətində direktor müavinlərinin qışqırmaqdan səsi batdı: "Əziz valideynlər, siz arxaya çəkilin, uşaqlar qabağa gəlin". Yenə də uşaqlar arxada qaldı, valideynlər qabağa düşdülər.
Ağlayan birinci sinif uşaqları taqətdən düşdü, analar "gəl bir də belə dayan" deyərək "Instagram" üçün şəkil çəkməkdən həvəsləri düşmədi.
Yenə də valideynlər maşınlarını az qala lövhənin qabağına kimi sürməyə müvəffəq oldular. Sanki həyatlarında əldə etdikləri ən böyük uğur elə budur.
Yenə də bəziləri özlərini daha "varlı" göstərmək üçün bir günlük icarəyə bahalı maşın götürdülər. Yenə də özlərini yalan-palanla öydülər.
Yenə də şəhər bir-birinə dəydi.
Əslində hər kəsi başa düşməyə çalışıram. Bəli, hər kəs üçün onun övladı əzizdir, gözəldir, ilahi hədiyyədir və s. amma...
Olmaz ki, elə bütün nəsil-kök axşam evə gəlib balacanı təbrik edərək, hədiyyəsini təqdim etsin?
Olmaz ki, ailə üzvləri evdən balacanı bir valideynlə məktəbə yola salıb, özləri öz işlərinin ardınca getsinlər?
Olmaz ki, onsuz da sıxlıq əlindən şəhərdə hərəkət edə bilməyən yol hərəkət iştirakçıları hərəsi ayrı-ayrı maşınla məktəbə gəlməsinlər?
Mənə elə gəlir ki, məsələ uşağı məktəbə gətirmək yox, nəyisə nümayiş etdirməkdir. Qoy görsünlər ki, bizimkilər hamısı gəlmişdilər, qoy sosial şəbəkə statuslarımızda hamı görsün ki, mehribanıq.
Qoy əmiarvadı, elti, bibinin gəlini, xalanın qudası statusda görsünlər ki, biz uşağı filan məktəbə qoymuşuq, qoy qonşular biz evdən çıxanda görsünlər ki, bütün nəsil uşağı məktəbə yola salmağa gəlmişdi.
Bir lətifə var, yenə o yadıma düşdü. Beş-altı maşın adam gəlir məktəbə. Nənə, baba, bibi, xala, onların həyat yoldaşları, dayı, əmi, gəlin, elti, fotoqraf, videoqraf, şarlar, güllər, xülasə hamı maşından düşür. Bir də görürlər ki, birinci sinfə gələcək uşağı yaddan çıxarıb evdə qoyublar.
Günümüzün reallığı budur, uşaqla təhsili haradasa yaddan çıxarıb qoymuşuq.
Özümüz isə bəzənib-düzənib gəlmişik məktəbə. Yenə hər il eyni çıxışlar, eyni çağırışlar, eyni konsertlər davam edir.
Yenə müəllimin yanında özünü şirin salmaq üçün hansısa valideyn başlayır "pul yığmağa", "buket və hədiyyə almağa". Yenə Elm və Təhsil Nazirliyi deyir ki, "fond pulu" yoxdur, yığılmır. Yenə də yığan yığır.
Yenə də dəyirman öz işində, çax-çax baş ağrıdır. Yenə də hər il cəmiyyət olaraq sinifdə qalırıq.
Yenə də il başlamamış hamı repetitor yanına getməyə başlayır. Yenə köhnə hamam, köhnə tas...
Təki salamatlıq olsun, uşaqlar sağlam olsunlar.
Rəylər