Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası - VİDEO
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun arxasında Tehran hakimiyyətinin dayandığını təsdiqləyən çoxsaylı faktlar var. Şübhələri İran üzərinə çəkən ən əsas məqamlardan biri isə videogörüntülərdir.
“Report”un əldə etdiyi məlumata görə, yanvarın 27-də səhər saat 8:32-də terrorçu səfirliyin binasına daxil olub və içəridə qarşıdurma yaranıb. Dörd dəqiqədən sonra, yəni 8:36-da o, binadan çıxarılıb.
Bundan sonra terrorçu əraziyə gəldiyi maşından avtomat üçün yeni güllə ilə dolu daraq və ağır çəkic götürüb. Saat 8:37-dən saat 8:44-ə kimi terrorçu avtomatla qapılara atəş açıb və ağır çəkiclə qapını açmağa səy göstərib. Silahlı şəxs 8:45-də qapını açıb yenidən içəri daxil olub. Daha sonra terrorçunu yangınsöndürən balonla vururlar və növbəti dəfə çölə çıxarırlar.
Saat 8:50-də o, səfirliyin avtomobilini yandırıb. Ətrafa xeyli insan toplaşıb.
Başqa bir diqqətçəkən məqam çölü çəkən kameraların real vaxtdan 24 dəqiqə geri qalmasıdır. Buna görə də müxtəlif kameralardakı görüntülərdə vaxt üst-üstə düşmür. Bu isə sosial şəbəkələrdə müxtəlif versiyalara səbəb olub, amma məsələnin mahiyyəti ondan ibarətdir ki, düzgün vaxt ancaq səfirlik binasının daxilində olan kameralarında göstərilir və biz aşağıda təqdim olunan videogörüntüləri məhz bunun əsasında xronoloji ardıcıllıqla bərpa etdik.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan səfirliyinin önündə olan köşkdən çıxan İran polisi əvvəlcə heç nə etmir, sonra isə çıxıb gedir.
Böyük itkilərin qarşısını alan səfirlik əməkdaşının qəhrəmanlığı xüsusilə diqqətəlayiqdir. Binanın daxilində və ətrafında 20 dəqiqəyə yaxın davam edən atışma baş verən zaman heç bir addım atmayan və yalnız sonda terrorçunu saxlamağa məcbur olan Tehran polisinin məqsədli fəaliyyətsizliyi və səhlənkarlığını da vurğulamaq yerinə düşər.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb, onlardan biri əməliyyat olunub. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
"İran" teqi üzrə xəbərlər
- Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
- İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- İran prezidenti özünə köməkçi təyin etdi