“Kişi müəllimlərə əlavə hansısa güzəştlərin tətbiqi müəllimlərin işə qəbulu ilə bağlı yeni dəyişiklərdə nəzərdə tutulmayıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə bildirib.
Onun sözlərinə görə, son illərdə əməkhaqqı artımları, ucqar kəndlərə gedən müəllimlərin stimullaşdırılması, əlavə güzəştlər kişi müəllimlərin bu sahəyə marağının artmasına səbəb olub:
“Ötən il MİQ imtahanın əsas turundan sonra boş qalan yerlərə 3 minə yaxın müəllim müddətli əsaslarla qəbul edilib. Bu ilin yanvarın 31-nə qədər müddətli əsaslarla işə qəbul olan müəllimlər üçün daimi işləmə müsabiqəsi aprel-may aylarında müsahibə formatında keçiriləcək”.
O qeyd edib ki, yanvarın 31-dən sonra müddətli əsaslarla işə qəbul olan müəllimlərin daimi işləməsi müəllimlərin işə qəbulu müsabiqəsi əsasında həyata keçiriləcək.
İlhamə Əbülfət