Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi bununla bağlı müraciət yayıb.
Müraciətdə təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulunun aparılmayacağı bildirilib:
"Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl olunması, hava həyəcanı siqnalına riayət olunmaqla sığınacaqlara keçmələrini bir daha xahiş edir. Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57 telefon nömrəsinə zəng vurmağı xahiş edirik".
Son günlər Ukraynanın paytaxtı Kiyev şəhərində hava hücumu təhlükəsi səbəbindən bir neçə ölkənin səfirlikləri fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. KİV-nin yaydığı məlumata görə təhlükəsizlik baxımından belə bir addım atmaq zərurəti yaranıb.
Bəs Azərbaycanın Kiyevdəki səfirliyi fəaliyyətini dayandırıbmı?
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-ın sorğusuna cavab olaraq bəyan edib ki, səfirliyimiz fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Kiyev mütəmadi olaraq raket zərbələri və dron hücumlarına məruz qalır.
Əzizə İsmayılova