Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Gəncədə yun didən qadını həmcinsi qətlə yetirdi
Gəncə şəhərində 1980-cı il təvəllüdlü Mahirə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 51 yaşlı İradəni (adlar şərti göstərilib - red.) öldürüb.
Demokrat.az-ın məlumatına görə, qətl hadisəsi 31 avqust 2021-ci ildə Gəncə şəhərində baş verib. Mahirənin İradə ilə mübahisəsi yaranıb. Mübahisə zamanı ülgüclə İradəyə xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən ölüb.
Hadisəni törədən Mahirənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə anlaqsız vəziyyətdə ifadə verən Mahirənin sözlərinə görə, qızı Samirə ilə birlikdə yaşayıb:
"Anam Kifayət, atam Qalib, bacım Nərminə, qardaşım isə Telli adlı şəxslərdir. 1987-ci ildə orta məktəbə getmişəm, 1998-ci ildə isə məktəbdən məzun olaraq akademiyanın "Aqronom" fakültəsinə daxil olmuşam. 2003-cü ildə həmin akademiyadan məzun olmuşam. 2005-ci ildə Tahirlə nikaha daxil olmuşam və 2007-ci ildə boşanmışıq. Həmin evlilikdən 2006-cı il təvəllüdlü Samirə adlı qızım var. Boşandıqdan sonra Tahir mənə evdən çıxmağımı bildirdi. Mən bir müddət atamgildə yaşadım".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ildə anası Kifayət 3 000 manat dəyərində yaşadığı evi ona alıb: "Mən həmin tarixdən qaldığım binanın üst mərtəbəsində yaşayan İradə adlı qadını tanımışam. 2021-ci ilin avqustun 31-də, saat 17 radələrində İradə binanın girişində, blokun önündə döşəyin içində olan yunu yerə tökməklə yudu. İradə əvvəllər də mütəmadi olaraq həmin yerdə yun yuyub. Bu zaman binanın önündə onun yun yumağına etiraz etdim. Etiraz edərkən İradə məni təhqir etməyə başladı və mənə qarşı nalayiq ifadələr işlətdi. Mən də eyni sözlərlə qarşılıq verdim. Bu zaman evdə bıçaqla yemək bişirmək üçün badımcan soyduğumdan, onun səsini eşidən zaman əlimdə olan bıçaqla binanın həyətinə çıxdım. Daha sonra İradə əlində taxta parçası ilə üzərimə gəldi. İradə taxtanı kənara atmaqla saçımdan tutaraq məni yerə saldı. Həmin vaxt ona "burax, vuracağam" dedim. İradə isə "vur, qarın boşluğuma" deyə bildi. Bu zaman bıçaqla İradənin qarın və sinə nahiyəsinə zərbələr endirdim. Məni buraxdıqdan sonra hərəkətimi dayandırdım. Hadisə yerindən qaçaraq uzaqlaşdım və Gəncə Avtovağzalına getdim. Orada Gəncə-Qazax avtobusuna minərək Qazax rayonuna yollandım. Qazax rayonunun kəndində xalam Vüsalənin nəvəsi Məleykəgilə gedərək qonaq gəldiyimi bildirdim".
Mahirə deyib ki, hadisəni törətdikdən sonra Qazax rayonunun kəndində yaşayan xalası nəvəsi Məleykəgilə getməkdə əsas məqsədinin orada yerləşən Alban abidəsini ziyarət etmək olduğunu qeyd edib: "Hadisə ilə bağlı Məleykəgilə heç bir məlumat verməmişəm. Ona görə də onlar sözügedən hadisədən xəbərdar olmayıblar".
Mahirə qeyd edib ki, İradəyə bıçaq zərbələri vurarkən, sonuncu onun saçından tutaraq başını aşağı doğru çəkərək müqavimət göstərib: "Hadisə zamanı İradəyə bıçaq zərbələri endirməyimə baxmayaraq, onun ölməsi barədə məlumatım olmayıb. Həmin vaxt hadisə yerindən qaçaraq uzaqlaşdım. İradə məni təhqir etdikdən sonra bıçaqla çölə çıxmağımdakı məqsədim, mənə xəsarət yetirəcəyi halda özümü müdafiə etmək, habelə İradənin mənim üzərimə gələcəyi halda ona xəsarət etmək olub. İradəyə bıçaq zərbələri endirdikdən sonra, sonuncu saçını buraxdı və məndən uzaqlaşaraq kənarda sakit şəkildə əyləşdi. Həmin zaman İradənin sol qol nahiyəsindən qan axdığını gördüm. Bu səbəbdən İradəyə heç bir yardım göstərmədim".
İş üzrə zərərçəkmiş İradənin hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, İradə evlənərək Gəncəyə köçdüyündən onunla əlaqələri çox sıx olmayıb: "Lakin bəzi vaxtlarda İradə 2-3 il fasilə ilə yay aylarında Goranboy rayonunun kəndinə qohumlarımı ziyarət etmək məqsədilə gəlirdi. 2021-ci ilin avqustun 31-də, saat 18:00-da bacımın qonşusu zəng edərək İradənin öldüyünü bildirdi. Bu zaman dərhal Goranboydan Gəncəyə yola çıxdım. Saat 20 radələrində Gəncə şəhərinə çatdım. İradənin yaşayış binasının qarşısında yun didməsi ilə əlaqədar Mahirə ilə mübahisəsi yarandığını, nəticə olaraq sonuncunun bıçaqla bacıma zərbələr yetirdiyini, daha sonra qaçaraq hadisə yerini tərk etdiyini və İradənin həmin xəsarətlərin nəticəsində hadisə yerində öldüyünü bildim".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edib.
Hökmə əsasən, Mahirə ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
Rəylər