Yerli mediada yayılan xəbərə görə, cüdo üzrə Əməkdar məşqçi, Türkiyə cüdo millisinin sabiq baş məşqçisi Musa İsmayılov haqqında protokol hazırlanıb, Abşeron Rayon Məhkəməsinə təqdim edilib.
Bu barədə Oxu.Az-a açıqlama verən Musa İsmayılov bildirib ki, məhkəməyə verilməsinin səbəbi 22 il öncə baş vermiş hadisədir.
"22 il öncə cüdo üzrə Türkiyə millisinin baş məşqçisi vəzifəsində çalışdığım zaman orada olan federasiya nümayəndələrindən birinin sözünə inandım. Belə ki, həmin şəxsin qardaşı Rıdvan Ön mənə hərəyə 57 min dollar pul qoyaraq yeni işə başlamağımızı təklif etdi, mən də qəbul etdim. Həmin şəxs daha sonra 14 yaşlı qıza təcavüz etdiyi üçün ölkədən qaçdı. Mən isə ortada tək qaldım. Daha sonra mənim gəlir əldə etməyə başladığımı görəndən sonra qayıdıb məndən pul tələb etməyə başladı. Məhkəməyə verilmə səbəbim məhz bu məsələ ilə bağlıdır.
Mənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərimə görə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilib. İllərlə Azərbaycanda idmanın inkişafı üçün əlimdən gələni etmişəm. İndi isə haqqımda çıxan bu tərz xəbərlərin yayılması mənə olduqca pis təsir edir", - deyə M.İsmayılov bildirib.
Qeyd edək ki, Musa İsmayılov hazırda "Turan" idman klubunun direktoru kimi fəaliyyət göstərir.
Anar Həsənov
Rəylər