Bu həftəsonu ABŞ-nin Nevada ştatının ən böyük şəhəri Las-Veqasda "Formula-1" üzrə dünya çempionatının 75-ci mövsümündə növbəti mərhələ baş tutacaq və bu yarışda çempionatın müqəddəratı həll oluna bilər.
Oxu.Az xəbər verir ki, 3 həftə əvvəl Braziliyada keçirilmiş yağışlı San-Paulu Qran-prisindən sonra liderliyini möhkəmlədən "Red Bull" komandasının sürücüsü Maks Ferstappen titula əsas namizəddir.
Ardıcıl 4-cü çempionluğunu bayram etməyə hazırlaşan niderlandlı sürücünün arzusunu ürəyində qoymağa yeganə namizəd isə "McLaren" komandasının sürücüsü Lando Norrisdir. Britaniyalı sürücü ilk titulunu qazanmağa çalışır, amma mövsümün sonuna qədər qalmış 3 mərhələnin (3 yarış və 1 sprint) hamısında qələbə qazansa belə, yekunda bu, yetərli olmaya bilər.
Çoxdandır çempionatda belə gərgin mübarizə görməyən azarkeşlər də titulun taleyinin mövsümün son yarışında - Əbu Dabidə həll olunmasını istəyirlər. Xatırladaq ki, 2021-ci ildə Maks ilk titulunu məhz Əbu Dabidə son dövrədə Lyuis Həmiltonu keçməklə qazanmışdı.
Bəs titul uğrunda mübarizəni süni salınmış Yas-Marina adasındakı möhtəşəm avtodroma daşımaq üçün Lando bu həftəsonu "kazinolar şəhəri"ndə nə etməlidir?
Hazırda Maksın Lando üzərində üstünlüyü 62 xaldır. Bir əsas yarışda 26, sprintdə isə 8 xal qazanmağın mümkünlüyü nəzərə alsaq, deməli, maksimum 86 xal qazanmaq mümkündür. Las-Veqasdan sonra isə ortada 60 xal qalacaq.
Ona görə də Lando mütləq Strip küçəsindəki finiş xəttini birinci keçməlidir ki, titul uğrunda mübarizə Maksın finişindən asılı olmayaraq Qətərin Luseyl avtodromuna adlasın. Əlbəttə, bunun üçün yarışda digər nəticələr də mümkündür, amma növbəti yarışlar üçün daha çox fürsət əldə etmək üçün Lando daha böyük fərqlə qalib gəlməlidir, yəni daha çox xal qazanaraq Maksla aradakı fərqi azaltmalıdır. Ona görə də Landoya komanda yoldaşı Oskar Piastrinin və "Ferrari" komandasının sürücülərinin (Şarl Lekler və Karlos Sayns) köməyi lazım olacaq. Çünki yarışın yekun protokolunda Lando ilə Maksın arasında nə qədər çox sürücü yerləşsə, titula namizədlər arasındakı xal fərqi də o qədər çox azalacaq.
Sonda isə xatırladaq ki, şənbə günü Bakı vaxtı ilə saat 10:00-da sıralanma turu, bazar günü eyni vaxtda isə yarış start götürəcək.
Maksın azarkeşləri isə Las-Veqasda olmasa da, Qətərdə kumirlərinin çempionluğuna hazırlaşırlar. Onun meneceri Raymond Fermölen üzərində Maksın 4-cü titulu qeyd olunmuş minlərlə papaq və idman köynəyini artıq Las-Veqasa gətirib...
Rəylər