Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"McDonald"s Azərbaycan" "Eco-Ambassadors" layihəsini başa vurub
"McDonald"s Azərbaycan" və "Care Group" şirkətlərinin birgə həyata keçirdiyi "Eco-Ambassadors" layihəsi uğurla başa çatıb.
Layihə gənclərin ekoloji biliklərinin artırılmasına və onların ətraf mühitlə bağlı müxtəlif fəaliyyətlərdə iştirakına imkan yaratmağa yönəldilmişdir. Layihədə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri iştirak ediblər.
Layihə yeniyetmələrə ətraf mühitlə bağlı yeni biliklər və praktiki bacarıqlar qazandırmaq, həmçinin onların gündəlik həyatını daha rəngarəng və maraqlı etmək məqsədi daşıyırdı. Bu çərçivədə peşəkar təlimçilər tərəfindən xüsusi kurslar təşkil edilib, internat məktəbinin şagirdləri və "McDonald"s Azərbaycan" əməkdaşları birlikdə ağacəkmə və yaşıllıq zonalarının yaradılması kimi ekoloji fəaliyyətlərdə iştirak ediblər. Bu tədbirlər gənclərin təbiətə daha yaxın olmalarına və onun qorunmasının vacibliyini dərk etmələrinə şərait yaradıb.
Layihə sonunda iştirakçılara sertifikatlar təqdim edilib ki, bu da onların ekoloji təşəbbüslərə verdiyi töhfəni simvolizə edir. Yeniyetmələr əldə etdikləri biliklər və təcrübə sayəsində ətraf mühitin mühafizəsinə daha məsuliyyətli yanaşma formalaşdırıblar.
Qeyd edək ki, "McDonald"s Azərbaycan" şirkəti ətraf mühitin mühafizəsinə xüsusi önəm verir. Şirkətin tullantıların azaldılması, plastikdən istifadənin minimuma endirilməsi və qablaşdırma üçün ekoloji cəhətdən təmiz materiallara keçid siyasəti bu məqsədə xidmət edir. Bu səylər dayanıqlı inkişafa və ətraf mühitin gələcək nəsillər üçün qorunmasına töhfə verir.
"Eco-Ambassadors" layihəsi "McDonald"s Azərbaycan" şirkətinin ekoloji strategiyasının bir hissəsi olaraq gəncləri ətraf mühitin qorunması prosesinə cəlb edir və daha məlumatlı və məsuliyyətli nəslin formalaşmasına dəstək verir.
Rəylər