Piyadaların təhlükəsizliyini artırmaq üçün Bakıda ilk dəfə yeni nəsil piyada işıqforları quraşdırılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qurum tərəfindən Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində, metronun "28 May" stansiyasının yaxınlığında ümumilikdə 12 ədəd belə işıqfor işə salınıb. Bu işıqforların piyada bölməsinin alt hissəsinə quraşdırılan LED işıqlar nizamlayıcının qırmızı işığı yandığı zaman axşam saatlarında dirəyin aşağı hissəsini piyadaların diqqətini cəlb edəcək səviyyədə eynirəngli işıqla işıqlandırır. Nəticədə piyada zolağına yaxınlaşan piyadalar keçiddən istifadədə daha diqqətli olurlar. Bu cür işıqforların digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulub. Bundan başqa, Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yeni kabel-kommunikasiya xətləri çəkilməklə 13 ədəd avtomobil, üç ədəd velosiped svetoforları quraşdırılıb.
Bu gündən "28 May" Nəqliyyat Mübadilə Mərkəzi (NMM) fəaliyyətə başlayıb.
Oxu.Az xəbər verir ki, Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində "Hamısı bir yerdə" ("All in one") prinsipi əsasında qurulan "28 May" Nəqliyyat Mübadilə Mərkəzindən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumatda bildirilir ki, əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qurulan "28 May" Nəqliyyat Mübadilə Mərkəzində bütün işlər yekunlaşıb.
"28 May" NMM-in ərazisindən keçən avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılıb.
Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün zolaq salınıb ki, bu da NMM-in ərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkəti və sərnişinlərin rahatlığını təmin edəcək. Azadlıq prospektində hərəkətin yenidən təşkili AYNA tərəfindən xüsusi proqram təminatı vasitəsilə simulyasiya da edilib.
Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişi qadağandır, burada geniş piyada zonaları və mikromobillik zolaqları salınıb, nişanlanma xətləri çəkilib, yol nişanları, müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrik avtobusları üçün enerji doldurma cihazları quraşdırılıb.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
Rəylər