"Tibbi yardımın göstərilməsi haqqında müqavilələr, əslində, Mülki Məcəllədə öz əksini tapan tapşırıq müqavilələrinin bir növüdür. Tapşırıq müqaviləsinə görə isə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür".
Oxu.Az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan "Sağlam radio"da Səhiyyə Nazirliyinin Hüquq şöbəsinin böyük məsləhətçisi İntiqam Hacıyev açıqlayıb.
Onun sözlərinə görə, tibbi müqavilə də öz növbəsində tibbi xidmətlərin göstərilməsinə yönəlib:
"Qanunvericiliyə baxsaq, tibbi müqavilə anlayışı "Özəl tibbi fəaliyyət haqqında" Azərbaycan Respublikası Qanununda da öz əksini tapıb. Həmin qanunun 7-ci maddəsi "Tibbi yardım göstərilməsi barədə müqavilə" adlanır və orada qeyd edilir ki, özəl tibb müəssisəsi tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Yəni tibbi xidmət müqaviləsində hansı tibbi xidmətin göstəriləcəyi və həmin xidmətin dəyəri və digər əsas şərtləri tənzimlənir".
İ.Hacıyev bildirib ki, tibbi xidmət müqaviləsinin mövcud olması həkimin və ya klinikanın məsuliyyətdən kənar qalması anlamına gəlmir. Çünki müqavilə olsa belə, əgər həkim səhvi varsa, hər bir halda məsuliyyət də var.
O vurğulayıb ki, digər müqavilələrdən fərqli olaraq, tibbi xidmət müqaviləsi bəzən təcili şəkildə də bağlana bilir.
Onun sözlərinə görə, əgər xəstənin vəziyyəti olduqca ağırdırsa, dərhal tibbi müdaxilə aparılmalıdırsa, lakin xəstənin huşu özündə deyilsə, bu zaman xəstəyə tibbi xidmət göstərilməsi üçün onun yerinə imza edəcək səlahiyyətli bir şəxsi gözləmək daha ağır fəsadların baş verməsinə səbəb ola bilər:
"Bu kimi hallarda ilkin tibbi yardım müqaviləsiz həyata keçirilməlidir. Əgər həyati göstəriş mövcuddursa, müqavilə olmadan da, razılıqlar alınmadan da tibbi xidmət göstərilə bilər. Bu kimi hallarda yaxşı olardı ki, yaxın qohumuna tibbi xidmət müqaviləsi imzaladılsın. Digər bütün hallarda isə müqaviləni səlahiyyətli şəxsin imzalaması mütləqdir. Əks təqdirdə baş verə biləcək mübahisələrdə klinika özünü müdafiə edə bilməyəcək".
Rəylər