"Bakıda davam edən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransı möhtəşəm keçirilir".
Bunu Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev Oxu.Az-a müsahibəsində deyib.
M.Oşurbayev Azərbaycanın Qazaxıstan üçün qardaş ölkə olduğunu, COP29 prezidenti Muxtar Babayevin isə yaxın dost olduğunu vurğulayıb.
"COP29-un hazırlanması zamanı Qazaxıstan əvvəlcədən bəyan etdi ki, Bakıda keçiriləcək tədbirin daha maraqlı və dolğun keçməsi üçün maksimum dəstək verməyə, qazax xalqı adından bütün səyləri göstərməyə hazırdır", - nazir müavini qeyd edib.
O əlavə edib ki, Xəzəryanı ölkələr həmişə bir-birini dəstəkləyir və bu, COP29 çərçivəsində müxtəlif sənədlərin, o cümlədən Xəzər dənizinin dibi ilə enerji kabeli üzrə mühüm sazişlərin imzalanması zamanı öz əksini tapıb.
Oşurbayev Qazaxıstanı bu tədbirdə yüksək səviyyədə təmsil etməkdən qürur duyduğunu bildirib. O əlavə edib ki, Qazaxıstan tarixində ilk dəfə olaraq ölkə COP-da ayrıca pavilyonla təmsil olunub.
"Bütün pavilyonlar və COP sahələri Azərbaycan hökuməti tərəfindən yüksək səviyyədə təşkil olunub", - deyən Oşurbayev Bakıda nəhəng işlərin görüldüyünü vurğulayıb.
Nazir müavini ümidvar olduğunu bildirib ki, COP29 xüsusilə Mərkəzi Asiya ölkələri və Xəzəryanı dövlətlər üçün vacib olan iqlim dəyişikliyi ilə bağlı maliyyə məsələlərinin həlli prosesini sürətləndirməyə kömək edəcək. Qazaxıstan torpaqların deqradasiyası ilə mübarizəyə yönəlmiş "Carbon farming" də daxil olmaqla, bir sıra təşəbbüslər irəli sürüb.
Oşurbayev quraqlıq və su ehtiyatları problemlərinə də toxunub, onların Qazaxıstan iqtisadiyyatına təsirini qeyd edib.
"İqlim dəyişikliyinin ekoloji aspektləri ən vacib amillərdir və biz bunu dərk etməsək, sabah çox gec olacaq", - deyən nazir müavini COP29-un sadəcə bir hadisə olmadığını, həmfikir insanları və ekoloji layihələrin həyata keçirilməsi üçün potensial maliyyə mənbələri tapmaq üçün bir fürsət olduğunu vurğulayıb.
Rufina Abdullayeva