ABŞ-də yeni seçilmiş prezident Donald Tramp artıq xarici siyasət gündəmini formalaşdırır və ticarət məsələləri ilə məşğul olur, eyni zamanda, özü ilə oxşar baxış mövqeyinə malik hesab etdiyi dünya liderlərinə zəng edərək görüşlər təyin edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi yazır.
Yazıda respublikaçıların qələbəsindən sonra bir çox dünya liderlərinin beynəlxalq tədbirlərdə Prezident Co Baydenlə görüşmək istəyinin azaldığı, eyni zamanda, Trampın şəxsi danışıqlara üstünlük verəcəyi və dolayısı ilə gündəmi təyin edəcəyi bildirilir.
Qeyd edilir ki, Trampın Ağ Evə qayıtmasını ilk alqışlayanlardan biri Argentina Prezidenti Xavyer Miley olub. O, həmçinin, ABŞ-nin seçilmiş prezidenti ilə şəxsən danışan ilk G20 lideri ola bilər.
"Bundan əlavə, respublikaçının "tez zamanda əlaqə" siyahısında Britaniyanın keçmiş baş naziri Boris Conson da var. Hazırkı Baş nazir Kir Starmer isə Trampla ünsiyyət qurmaq üzrə sürətləndirilmiş kurs keçir", - deyə agentlik yazır.
Emmanuel Makron da Tramp tərəfindən tanınmağa haqq qazanıb, Olaf Şolts isə dəfələrlə Kamala Harrisi dəstəklədiyini açıq şəkildə ifadə edib.
Bildirilir ki, İtaliyanın Baş naziri Corciya Meloni Tramp administrasiyası ilə əlaqələr qurmağa çalışır, İndoneziya və Yaponiya liderləri ABŞ prezidenti ilə şəxsi görüş imkanlarını araşdırırlar, Cənubi Koreyanın rəhbəri Yun Sok Yol isə qolf oynamağı öyrənir.
Həmçinin, bir çox Yaxın Şərq liderləri, o cümlədən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Trampın şəxsi və birbaşa ünsiyyətə meylini bölüşürlər.
Rəylər