ABŞ Prezidenti Co Bayden və yeni seçilmiş Prezident Donald Tramp yanvarın 20-dək Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsinə nail olmaq üçün əməkdaşlıq etmək niyyətindədirlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Bayden Oval kabinetdə Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən girovluqda saxlanılan ABŞ-lilərin qohumları ilə görüş keçirib.
Mənbələrdən birinin xəbərinə görə, prezident ailələrə bildirib ki, o və Tramp yanvarın 20-nə, yeni seçilmiş dövlət başçısının andiçmə mərasiminə qədər girovların azad edilməsini təmin etmək istəyirlər.
Portalın məlumatına görə, Bayden Trampla ikisaatlıq söhbəti zamanı İsraillə HƏMAS arasında girovların qaytarılması və Qəzza zolağında atəşkəsin əldə edilməsinə dair razılığa nail olmaq üçün qüvvələri birləşdirməyi xahiş edib.
Qeyd olunub ki, Bayden prezidentlik müddətinin qalan iki ayını Qəzza danışıqlarında "uzun müddət dalana dirənmiş vəziyyətdən" çıxmaq üçün istifadə etmək istəyir.
Portal hesab edir ki, Tramp, böyük ehtimalla, inaqurasiya (andiçmə) gününü dünyada daha az böhranla qarşılamaq istəyir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanın sözlərinə görə, Ağ Ev Tramp komandasına Qəzzadan girovların azad edilməsi məsələsində birgə işləməyə hazır olduqları barədə siqnal göndərib.
Rəylər