"Ermənistan tərəfinin Bakıda keçirilən BMT-nin COP29 beynəlxalq iqlim sammitində iştirakdan imtina etməsi siyasi demarşdır və bu qərarın arxasında başqa heç nə dayanmır".
Bunu Baku TV-yə açıqlamasında Rusiyanın Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Ermənistanın COP29-da iştirakdan imtina etməsini şərh edərkən deyib.
O qeyd edib ki, yüzlərlə aparıcı dünya liderləri və böyük nümayəndə heyətləri danışıqlar aparmaq və ən mühüm qlobal problemləri müzakirə etmək üçün Azərbaycana gəldiyi bir vaxtda İrəvan bu foruma məhəl qoymamaq qərarına gəlib.
"Ermənistan COP29 çərçivəsində, ilk növbədə, bir sıra ikitərəfli görüşlər keçirə və Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar yolunda ikitərəfli əlaqələri intensivləşdirə, ümumiyyətlə, Ermənistanı narahat edən qlobal iqlim problemlərinin müzakirəsində iştirak edə bilərdi. Paşinyanın etdiyi seçim təbii ki, onun şəxsi siyasi qərarıdır. Bu, erməni maraqlarına qarşı yönəlib və Ermənistanın müasir siyasi elitasının axmaqlığını və infantilizmini göstərir", - deyə İ.Korotçenko əlavə edib.
Daha ətraflı videoda:
Korotçenko: "Erməni tərəfinin COP29-da iştirakdan imtinası siyasi demarşdır"