"İlk növbədə, COP29-u yüksək səviyyədə təşkil etdiyi, eləcə də qonaqpərvər münasibətinə görə Azərbaycanı təbrik edirəm. Mən pavilyonların formalaşdırılmasını çox bəyəndim, çünki insanlar asanlıqla qarşılıqlı əlaqə qura və fikirlərini paylaşa bilirlər. Tədbirdən gözləntim isə budur ki, iştirak etdiyim digər COP-lardan fərqli olacağını gözləyirəm. Çünki biz bir araya gəlirik, çıxış edirik, qərarlar qəbul edirik, elanlar veririk, sonra geri dönəndə hər şeyi unuduruq".
Bunu Oxu.Az-a açıqlamasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Burkina-Faso nümayəndəsi Barri Pilpre Bibata deyib.
"Mən Burkina-Fasonun Sahel bölgəsindənəm. Mənim xalqım iqlim dəyişikliyinin acı nəticələrini yaşayır. Təsəvvür edin ki, bizim ərazi səhralıqdır və biz həyatımızda heç vaxt görmədiyimiz sel fəlakətinin qurbanı olmuşuq. Nəticədə insanlar ölürlər, məhsullar məhv olur, buna görə də həll yolu tapılmalı və indi qərar verilməlidir. Ölkəmizdə böyük dövlətlərdə olduğu kimi yetərli maliyyə imkanlarımız yoxdur", - nümayəndə deyib.
O, ölkəsinin təbii fəlakətlə yanaşı, müharibələrdən də əziyyət çəkdiyini əlavə edib:
"Bu münaqişələr həm də resursların tükənməsinə səbəb olur. Həmçinin, əhalinin sayı artdıqca təbii ehtiyatlar da azalır. Bu isə dünyanın hər yerində var. İndi biz səkkiz milyarddan çoxuq, böyüyürük, lakin dünya böyümür. Beləliklə, biz bölüşməliyik. Biz həll yolunu tapmaq istəyirik. İnsanlar bu məhvi dayandırmaq üçün hərəkətə keçməlidirlər".
Mərahim Nəsib