Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun AZƏRTAC-da dərc edilən məqaləsində əksini tapıb.
Qeyd edilib ki, hazırkı dövrədək Ermənistan işğalından azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilib.
Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib.
Eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 185 nəfərə aid meyit qalığı ekshumasiya edilib. Naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib. Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.
Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 149 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb.
Bundan başqa, aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarışlar nəticəsində cari ilin iyul ayının 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılmış meyit qalıqlarının ekspertizası nəticəsində onların 3 mart 2022-ci ildə hava şəraitinin qəfil dəyişməsi səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun iki əsgərinə aid olduğu müəyyən edilib. Bununla da meyit qalıqları eyniləşdirilmiş itkin şəxslərin sayı 151 olub.
Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.