"Qərbi Azərbaycanda azərbaycanlıların dəfn olunduğu 600 qəbiristanlıqdan cəmi ikisi salamat qalıb".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Əziz Ələkbərli deyib.
"Hazırda Qərbi Azərbaycanda yerləşən 3 qəbiristanlıqla bağlı araşdırmalar gedir. Bir sıra qəbiristanlıqlar ermənilər tərəfindən qazılaraq tankların dayanması üçün yerlər düzəldilib. Qərbi Azərbaycanda bizim qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib. 150-yə yaxınının dağıdılan qalıqları müşahidə edilir.
Basarkeçər rayonunun 4 kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap təzədir - 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir.
Bu vandalizmdə təkcə Ermənistan deyil, ona havadarlıq edən, Azərbaycanafob siyasət yürüdən dövlətlər də günahkardır", - deyə deputat bildirib.
Mərahim Nəsib