Ermənistanda "Vətən naminə Tavuş" hərəkatının təşkil etdiyi etirazlar davam edir. Bu hərəkata Tavuş arxiyepiskopu Baqrat Qalstanyan rəhbərlik edir. Bütün ermənilərin katolikosu II Qaregin tərəfindən siyasi fəaliyyətinə "xeyir-dua" verilmiş bu ruhani daim etirazlar üçün "həlledici" tarix açıqlayır, müddətləri başa çatdıqda heç nə baş vermədiyi üçün ultimatumların müddətləri uzadılır.
Qalstanyanın 12 iyun aksiyasındakı bəyanatına görə, o, öz sözlərinə şərti yanaşır və etirazların "həlledici" günlərini sonsuz sayda təyin edə bilər.
Əlavə edək ki, son etirazlar polis ilə ciddi toqquşmalara çevrilib və bu eskalasiyanın təşviqatçıları Qalstanyanın tərəfdarlarıdır. "Polis kordonunu aşmaq" çağırışları "Vətən naminə Tavuş" hərəkatının rəsmi bəyanatlarında da səslənir.
Ermənistanda baş verənlər barədə Oxu.Az-a Ermənistan Demokratiya və Təhlükəsizlik Mərkəzinin direktoru Arnold Bleyan müsahibə verib:
- Ermənistanda aksiyalara nə qədər az adam çıxırsa, etirazçıların hərəkətləri bir o qədər aqressiv olur. Başa düşmək lazımdır ki, Qalstanyan hansısa xalq dalğasının lideri deyil, Ermənistanın keçmiş hakimiyyətlərinin, ikinci və üçüncü prezidentlərinin (Robert Koçaryan və Serj Sarqsyan), ilk növbədə isə ikinci prezidentin layihəsidir.
Bu hərəkat Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası məsələlərinə konstruktiv yanaşmağa qərar verdikdə başladı. Sərhədin ilk hissəsi üzrə razılıq əldə edildi. Belə çıxır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması şansları nə qədər çox olsa, Ermənistanın Qərb tərəfdaşları ilə əlaqələri o qədər sıx (İrəvanın Moskvadan uzaqlaşması fonunda), bu hərəkatın, bayaq dediyim kimi, Ermənistanın ikinci və üçüncü prezidentlərini təmsil edən hərəkatın hücumları bir o qədər aqressiv olur. Şəxsən mən onların qələbəsinə inanmıram.
İndi aydındır ki, onlar toqquşmalar, qan tökülməsi istəyirlər (əlbəttə, bunu hüquq-mühafizə orqanlarına qarşı istifadə edəcəklər). Sonra Ermənistanda demokratiyanın səviyyəsinin düşməsi barədə bəyanatlar olacaq və s. Etiraz təşkilatçıları dövlət institutlarının möhkəmliyini yoxlamaq istəyirlər. Ancaq əmin edə bilərəm ki, hakimiyyət yerindədir və ən başlıcası, xalqın əksəriyyəti baş nazir Nikol Paşinyanın Qərbə yaxınlaşma, həmçinin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırma xəttini dəstəkləyir.
- Qalstanyan hərəkatı və onu dəstəkləyən qüvvələrin zorakılığa açıq çağırışları toqquşmalar baş verməmişdən əvvəl səslənib. Hakimiyyət niyə bunun qarşısını almaq üçün tədbirlər görməyib?
- Əslində, etiraz təşkilatçıları məhz güc strukturlarının daha sərt reaksiya verməsini istəyirlər ki, bu da onların özlərini saldıqları çətin vəziyyətdən çıxış yolu ola bilər. Hakimiyyət bunu başa düşür, ona görə də etirazlar özbaşına sönsün deyə şərait yaradır. Bu, 2021-ci ildə də belə olub, o zaman da eyni adamlar qeyri-qanuni yolla hakimiyyətə gəlməyə cəhd edirdilər.
- Bəs Baqrat Qalstanyan nəyə ümid edirdi və edir? Aydındır ki, məqsəd Nikol Paşinyanın devrilməsidir, çünki ilkin sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər ikinci plana keçib. Amma onun hərəkatı hələ öz proqramını təklif etməyib, sadəcə, "həlledici etirazlar" üçün yeni vaxt çərçivələri müəyyən edir. Əgər baş nazir olsa (buna isə can atır), sərhədlərin delimitasiyası, Azərbaycanla sülh müqaviləsinin bağlanması məsələlərini necə həll edəcək?
- Bu hərəkatın əvvəldən proqramı yox idi, indi də yoxdur. Onlar insanların, xüsusən delimitasiya və demarkasiya prosedurunun baş verdiyi Azərbaycanla sərhədə yaxın ərazilərdə yaşayanların hisslərindən istifadə etməyə, ajiotaj yaratmağa və oradan insanları İrəvanın mərkəzinə gətirməyə çalışıblar. Daha sonra isə Nikol Paşinyanın istefasına dair siyasi tələblər irəli sürməyə cəhd ediblər.
Başa düşmək lazımdır ki, Qalstanyanın baş nazir olmaq üçün nəzəri hüququ belə yoxdur, çünki Ermənistan vətəndaşlığı ilə yanaşı, Kanada vətəndaşlığı da var. Qanunvericiliyə görə, baş nazir postuna iddia edən şəxsin yalnız Ermənistan vətəndaşlığı (özü də azı son dörd il ərzində) olmalıdır.
Digər tərəfdən, onun arxasında dayanan insanlar üçün konstitusiya və qanunlar vacib deyil. Onlar şimaldan sifariş alıblar və onu yerinə yetirirlər. Amma xalq Ermənistanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və demokratik quruluşunu şübhə altına alan bu insanları rədd edir. Diqqət edin ki, 12 iyun mitinqinin pik vaxtında cəmi 3 600 nəfər var idi. Cəmi bu qədər insan baş nazir olacaq şəxsi həll edə bilərmi? Növbəti seçkilər isə 2026-cı ildə keçiriləcək, əgər iştirak etmək istəyirlərsə, heç kim onlara mane olmayacaq. Partiya yarada bilərlər, ya da keçmiş prezidentlərin başçılıq etdiyi mövcud siyasi təşkilatlara qoşula bilərlər.
- Artıq dediniz ki, "Vətən naminə Tavuş" hərəkatının arxasında keçmiş prezidentlər Sarqsyan və ilk növbədə də Koçaryan dayanır. Bəs ruhanilik necə? Ermənistan hakimiyyəti bütün ermənilərin katolikosu II Qaregini insanları dövlət orqanlarına hücuma təhrik etməkdə ittiham edir. Bunu, məsələn, Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib. Ermənistanda ruhanilik və hakimiyyət arasında qarşıdurmadan danışmaq olarmı?
- II Qaregin patriarxdır, amma onu Ermənistan Apostol Kilsəsi ilə eyniləşdirməzdim. Ermənilərin arasında onun böyük reytinqi yoxdur. İnanclı insanların etibar etdikləri öz yepiskopu, kilsə xadimləri var.
II Qareginin həmişə Ermənistanın ikinci və üçüncü prezidentləri ilə sıx əlaqələri olub. İndi o, Baqrat (Vazgen) Qalstanyanın etdiklərinə "xeyir-dua" verib. Amma əhalinin müsbət reaksiyası yoxdur, bunu bir daha vurğulayım. Hakimiyyət də öz yerindədir, dövlət qurumları işləyir, hər şey normaldır.
- Deməli, kilsə ilə hakimiyyət arasında qarşıdurma var demək olmaz, amma hakimiyyətlə Ermənistan Apostol Kilsəsinin ayrı-ayrı iyerarxları arasında qarşıdurma var demək olar?
- Bəli, belə demək olar. Sizi əmin edə bilərəm ki, II Qaregindən sonra, həqiqətən, dindar bir şəxs patriarx olduqda vəziyyət dəyişəcək.
İndi ən vacib məsələ Azərbaycanla razılaşmaları konstruktiv şəkildə davam etdirməkdir. Bu, sülh müqaviləsinə gəlib çıxmağa imkan verəcək. Bir-biri ilə əsgərlər deyil, diplomatlar danışmalıdırlar.
Nair Əliyev