Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Pərvin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə P.Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü il sentyabrın 14-də Oğuz rayonunun Mollalı kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü Pərvin Məmmədov həmkəndlisi və tanışı Toğrul Kərimovu sözügedən kəndin meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürüb. Pərvin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Pərvin Məmmədovun Toğrul Kərimova 3 000 manat borcu olub. Buna görə Toğrul onu və ailə üzvlərini təhqir edib. Onlar aralarında yaranmış narazılığa aydınlıq gətirmək məqsədilə Toğrul Kərimovun təklifi ilə sentyabrın 14-ü saat 14 radələrində meşəlik ərazidə görüşüblər. Bu zaman Toğrul Pərvini və ailə üzvlərini söyüb. Pərvin Toğrulun əlindəki qoşalüləli ov tüfəngini alıb və onu güllələyərək qətlə yetirib.
Rəylər