Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mustafa Aydın: "Ekosistemin təhlükəsizliyini təmin etmək böyük əhəmiyyət kəsb edir"
"Azərbaycan və Türkiyə arasında rəqəmsal bankçılıq sahəsində həyata keçiriləcək ortaq layihələr, məlumat mübadiləsi iki ölkənin bankçılıq və fintexlə bağlı regional və qlobal gücünü artıracaq. Azərbaycanın rəqəmsal bankçılıq sahəsində atdığı addımlar təkcə daxili bazarda deyil, həm də beynəlxalq arenada diqqət çəkir".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin (Bankacılık Düzenleme ve Denetleme Kurumu - BDDK) sədr müavini Mustafa Aydın Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.
"Bu böyümə prosesində rəqəmsal ödəniş sistemləri və təhlükəsiz maliyyə xidmətləri iqtisadi inkişaf və maliyyə azadlığı baxımından mühüm rol oynayır", - deyə o vurğulayıb.
Qonaq qeyd edib ki, Türkiyə ödəniş sistemləri və rəqəmsal bankçılıq sahəsində mühüm uğurlara imza atıb, güclü tənzimləyici çərçivə yaradıb, innovativ həlləri inkişaf etdirib:
"Müəyyən etdiyimiz standartların ödəniş sistemlərinin təhlükəsiz, uyğun şəkildə işləməsini təmin etmək üçün kritik əhəmiyyətə var. Bu tənzimləmələr, maliyyə qurumlarının və ödəniş xidməti təminatçılarının əməliyyat təhlükəsizliyini artırmaqda, uyğunluq proseslərini təmin etməkdə müəyyən öhdəliklər yaradır".
O əlavə edib ki, bu təcrübələrin Azərbaycanla paylaşılması və iki ölkənin birgə işləri, regional maliyyə ekosisteminin güclənməsinə və investor etimadının artmasına töhfə verəcək:
"Xüsusilə ekosistemin şəffaflığını və təhlükəsizliyini təmin etmək üçün böyük əhəmiyyət kəsb edir. Türkiyədəki nəzarət prosesləri təkcə maliyyə əməliyyatlarının təhlükəsizliyini təmin etmir, eyni zamanda sektorda şəffaflığı və təhlükəsizliyi artırır. Azərbaycanda oxşar yanaşmanın qəbul edilməsi, yerli və xarici investorların bu sahədəki təhlükəsizliyini gücləndirəcək və ölkəyə marağı artıracaq".
Məhərrəm Əliyev