Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mikayıl Cabbarov: "BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə fəal danışıqlar aparılır"
"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" üzrə fəal danışıqlar aparılır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Milli Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
"Bu sənədin imzalanması iqtisadi və ticarət əlaqələrimizin inkişafına əhəmiyyətli töhfə verəcək, xüsusilə ticarətin liberallaşdırılması, sərmayə axınlarının intensivləşməsi, həmçinin mal və xidmətlər üçün bazara çıxış imkanlarının artırılması yolu ilə əməkdaşlığı daha da dərinləşdirəcək", - nazir qeyd edib.
M. Cabbarov xatırladıb ki, bu ilin yanvar ayında BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri çərçivəsində bir sıra mühüm sənədlər, o cümlədən "Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb: "Qeyd etməliyəm ki, imzalanmış sənəd ikitərəfli münasibətlərin strateji əhəmiyyətini daha da artırır".
Onun sözlərinə görə, 2023-cü ilin dekabr ayında Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşmasına əsasən iki ölkə arasında 1 milyard ABŞ dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradılıb.
"Məqsədimiz ölkələrarası əməkdaşlığın genişləndirilməsi, xüsusilə birgə texnologiyaların mübadiləsinə istiqamətlənən layihələrin reallaşdırılmasıdır", - M. Cabbarov vurğulayıb.
Nazir əlavə edib ki, Hökumətlərarası Komissiya əməkdaşlıq üçün mühüm platformadır və ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynayır: "Bu ilin avqust ayında tarixi şəhərimiz Şuşada Komissiyanın 9-cu iclasının uğurla keçirilməsi birgə səylərimizin bariz nümunəsidir. Ölkələrimiz arasındakı əməkdaşlığı daha da gücləndirməyə sadiqik və bu ortaq məqsədə nail olmaq üçün müştərək fəaliyyətimizi davam etdirəcəyik".
"Şuşa" teqi üzrə xəbərlər
- Daha 48 ailə doğma Şuşa şəhərinə yola salındı
- Keçmiş məcburi köçkün: "Öz yurdunda yaşayıb-yaratmaq hissləri bir başqadır"
- Şuşa sakini: "Minlərlə insan doğma şəhərini görmək arzusu ilə həyatdan köçdü"
- Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda son vəziyyət
- Vaşinqton-Bakı münasibətlərində yeni mərhələ İrəvanı təlaşa salıb - "Kaspi"nin TƏHLİLİ