Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Mingəçevir" klubu mollanın göstərişi ilə idarə olunur?
I Liqada mübarizə aparan "Mingəçevir" klubunun mollanın göstərişi ilə idarə olunduğu ilə bağlı futbolçularının iddialarını baş məşqçi Ədahim Niftəliyev cavablandırıb.
Oxu.Az-a açıqlamasında "Mingəçevir"in baş məşqçisi iddiaların həqiqəti əks etdirmədiyini bildirib:
"Əslində bu tərz xəbərlərin çıxması gülüncdür. Başqa birinin etdiyi hərəkət mənim üzərimə atılır. Əgər molla məsləhəti ilə işləsəydim Premyer Liqa klubunu çalışdırardım, I Liqa klubunu yox. "Mingəçevir" klubu və mənimlə bağlı gündə bir xəbər çıxır. Belə şeylər insana gülməli gəlir. "Mingəçevir" klubu mənim özümün şəxsi komandam yox, hər birimizin, mingəçevirlilərin komandasıdır. Mən bu şəhərin komandası üçün əlimdən gələni edirəm. Amma bəzi məsələlər var ki, onları özümə sığışdırmadığım üçün deyə bilmirəm. Molla məsələsi isə tamamilə yalandır. Başqa bir məşqçinin etdiyi hərəkət mənim üzərimə atılıb".
Anar Həsənov
I Liqada mübarizə aparan "Mingəçevir" klubunun futbolçuları komandanın mollanın göstərişi ilə idarə olunduğunu bildiriblər.
Sportinfon.az xəbər verir ki, bu barədə redaksiyaya komandanın futbolçuları məlumat veriblər.
Onlar Ədahim Niftəliyevin qəribə hərəkətindən və göstərişindən şoka düşdüklərini bildiriblər. Oyunçular baş məşqçinin kollektivi mollanın sözü və tapşırığı ilə idarə etdiyini söyləyiblər:
"Niftəliyev, demək olar ki, hər gün bizə "cadu-piti"dən danışır. Biz məşqlərdə futboldan daha çox bu barədə söz-söhbət eşidirik. Keçən dəfə dedi ki, gedin, axşam evdə sirkəli su ilə çimin. Hamımız təəccübdən yerimizdə donub qaldıq. Soruşduq ki, niyə belə edək? Dedi ki, mollanın yanına getdim, komandanın gələcəyi ilə bağlı maraqlandım. Molla da mənə söylədi ki, komandaya "cadu" olunub, onu təcili təmizləmək lazımdır. Bilmədik eşitdiyimiz bu sözlərə gülək, yoxsa ağlayaq. İnanırsınız, belə söhbətlər tez-tez olur, çaşbaş qalmışıq ki, biz hara düşmüşük?
Biz normal məşq keçmirik. Çünki Ədahim Niftəliyevin məşq prosesindən xəbəri yoxdur. Deyəsən, Tərlan Əhmədov ona hazırlıq planı verib, onu necə gəldi, bizə keçir. Uşaqlarla öz aramızda danışmışıq ki, gəlin, bildiyimiz kimi oynayaq, nə alındı, alındı, onsuz da, baş məşqçimiz hər şeyi bilir, bir məşqçilikdən başqa".
Rəylər