“Burada təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycan Cüdo Federasiyası baxımlı yarışın təşkili üçün əlindən gələni edib”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın cüdo üzrə 100 kiloqram çəki dərəcəsində 11 qat dünya, 3 qat Olimpiya, 5 qat Avropa çempionu Teddi Riner “Böyük Dəbilqə” turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Dünya cüdosunun əfsanəsi Bakıya komandasını dəstəkləmək üçün gəldiyini bildirib: “Bu, mənim paytaxtınıza ilk gəlişim deyil. Bakı çox gözəl və ecazkar şəhərdir. Mən özüm də burada keçirilən turnirlərdə yarışmışam. Hər dəfə buraya gələndə fərqli hisslər keçirirəm. Sabah da yarışı izləməyə gələcəyəm. Burada titullu bir çox dostum mübarizə aparır. Onların hamısına uğurlar arzu edirəm”.
O, cüdo üzrə Azərbaycan yığmasında yaxşı idmançıların olduğunu söyləyib: “Düşünürəm ki, onlar bu yarışda medallar qazana biləcəklər. Ancaq daha əvvəl mənim çəkimdə qızıl medal qazanan azərbaycanlıya rast gəlməmişəm”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən “Böyük Dəbilqə” turnirində 62 ölkə iştirak edir.
Rəylər