Rusiyanın "Tatneft" Publik Səhmdar Cəmiyyəti (PSC) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə 19-cu əsrin sonlarında kəşf edilmiş "Bibi-Heybət" yatağının işlənməsini həyata keçirəcək.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Rusiyanın Tatarıstan Respublikasının "Tatneft" PSC-nin baş direktoru Nail Maqanov məlumat verib.
"Bu, qədimi yataqlardan biridir. Biz SOCAR-dakı həmkarlarımızla birlikdə əlimizdə olan texnologiyaları istifadə edəcəyik", - deyə Nail Maqanov vurğulayıb.
O əlavə edib ki, Tatarıstan və Azərbaycan şirkətləri Türkiyədə neft emalı zavodunun yenidən qurulması ilə bağlı da fəaliyyət göstərirlər:
"Biz ənənəvi olaraq neft-kimya sahəsində yaxşı nəticələr əldə etmişik və azərbaycanlı həmkarlarımızla birlikdə bu mövzu üzərində işləyirik. Bundan əlavə, biz digər ölkələrdə də fəaliyyət göstəririk".
Məlumat üçün əlavə edək ki, 2024-cü ilin mayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın "Tatneft" PSC arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb.
Rəylər