Litvada seçkinin ikinci turunda ölkənin hazırkı Prezidenti Qitanas Nauseda qalib gəlib.
Bu barədə Litvanın əsas seçki komissiyasından məlumat verilib.
Məlumata görə, Nauseda 74,43% səs toplayıb. Onun rəqibi, Baş nazir İnqrida Simonite isə 24% səs qazanıb. Seçici fəallığı 49,6 faiz təşkil edib.
60 yaşlı Qitanas Nauseda 2019-cu ilin iyul ayından Litvaya rəhbərlik edir. Bu müddət onun ikinci və sonuncu prezidentlik müddəti olacaq. Litva Konstitusiyasına görə, prezident ardıcıl iki dəfədən artıq seçilə bilməz.
Nauseda ona göstərdikləri etimada görə Litva xalqına təşəkkür edib.
"Mən çox yaxşı başa düşürəm ki, bu etimad kreditini qoruyub saxlamalıyam", - deyə o, jurnalistlər qarşısında çıxışında bildirib.
Seçilmiş Prezident Qitanas Nauseda Litvanın hazırkı xarici siyasətini davam etdirəcəyinə söz verib və ölkənin Avropa İttifaqı və NATO ilə əməkdaşlıqdan daha çox faydalanacağına ümid etdiyini bildirib.
Mənbə: Radio Svoboda