Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Çinin tarixi missiyası: "Çanye-6" Ayın sirli tərəfində işinə başladı
Çinin "Çanye-6" ("Chang`e-6") zondu Ayın Yerdən görünməyən arxa tərəfindən qrunt nümunələrini toplamağa başlayıb.
Bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat verib.
Bildirilir ki, "Çanye-6" zondu Cənub Qütbünə - Eytken çökəkliyinin nəzərdə tutulmuş ərazisində eniş edib.
"Toplanmış nümunələr plana uyğun olaraq zondun modulunun daxilindəki konteynerə yerləşdirilib. Missiya Ayın arxa tərəfindəki yüksək temperatur sınağından keçə bildi", - deyə CNSA-nın məlumatında qeyd edilib.
Məlumata görə, qrunt nümunələrinin toplanması zamanı qazma qurğusu vasitəsilə dərinlikdən və robotlaşdırılmış qol vasitəsilə səthdən nümunələrinin götürülməsi kimi iki üsuldan istifadə olunub.
O da vurğulanır ki, nümunələrin götürülməsi başa çatdıqdan sonra Ayın arxa tərəfində ilk dəfə olaraq eniş modulu ilə gətirilən Çin bayrağı açılıb.
Qeyd edək ki, "Çanye-6" missiyasının 53 gün davam edəcəyi gözlənilir. Yəni Ayın qaranlıq tərəfindən nümunələr Çin alimlərinə təxminən 23-24 iyun tarixlərində çatdırılmalıdır.
Çin modulunun əldə etdiyi nümunələr Ayın tədqiqi üçün böyük əhəmiyyət kəsb edir, çünki onlar təbii peykin erkən vulkanik tarixinin sirlərini aça bilərlər.
Mənbə: TASS