Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yağış tavandan partaların üstünə axdı: Universitetdən AÇIQLAMA
Bakıda ötən gün səhər saatlarında başlayan güclü yağış universitetlərə də təsirsiz ötüşməyib.
Sosial şəbəkələrdə yayılan görüntülərə görə, yağış suları Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda auditoriyadakı masaların üstünə tökülüb.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən Modern.az-a bildirilib ki, yağan güclü yağış səbəbindən III tədris binasında auditoriyaya su damıb:
"Sözügedən tədris korpusunun yerləşdiyi bina köhnə olduğundan bu kimi halın yaşanması, təəssüf ki, qaçılmaz olub. Bununla belə, vəziyyətə dərhal müdaxilə edilib və yaranan problem qısa zamanda aradan qaldırılıb. Eyni zamanda bildirmək istərdik ki, vəziyyətlə bağlı təhsilalanların sağlamlığı üçün heç bir risk yaranmayıb. Sözügedən hal sonuncu dərsin bitməsinə yaxın yaşanıb. Bu zaman müəllim vəziyyəti ələ alaraq dərhal tələbələri kənar masalara yönəldib və dərsi tamamlayıb. Su daman hissədə tələbələrin olmadığı görüntülərdən də aydın görünür.
Ümumilikdə, binaların tədrisəyararlı halda olması və cari problemlərin aradan qaldırılması məqsədi ilə hər mövsümdə cari təmir işləri həyata keçirilir. Sözügedən tədris binası nisbətən köhnə olduğundan infrastrukturunda müəyyən problemlər mövcuddur və bunların zamanla aradan qaldırılması, infrastrukturun yenilənməsi məqsədi ilə iş aparılır.
Konkret yaşanan hala gəldikdə isə, diqqətinizə çatdırmaq istərdik ki, bütün fəsadlar və onların yaratdığı nəticələr qeydə alınıb və qış mövsümünə hazırlıq işləri çərçivəsində bütün bu problemlər aradan qaldırılacaqdır".
Rəylər