Sumqayıtdan Bakı istiqamətində hərəkət edən elektrik qatarında gecikmələrin sayı artıb.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər. Onlardan biri qeyd edir ki, hər gün Azərbaycan Dəmir Yollarının (ADY) xidmətindən istifadə edir:
"Mütəmadi olaraq qatarlardan istifadə etdiyim üçün bu iradı bildirməyi özümə borc bilirəm. Hər gün pik saatlarda evdən çıxıb mənzilbaşına çatmaq istəsək də, alınmır. Səbəb isə ADY-nin qatarların qrafikini qeyri-dəqiq tərtib etməsidir. Hər gün Sumqayıt stansiyasından səhər saat 7:40-da çıxan N6610 qatarının son stansiyaya, yəni Bakı Sərnişin Stansiyasına çatma vaxtı cədvəl üzrə 8:32 qeyd edilib. Lakin bu qrafik hər gün gecikmə ilə müşahidə edilir. Qatar minimum 8:36 və ya 08:38-də son stansiyaya çatır.
Bu səbəbdən interval da uzanır. Belə ki, saat 7:15-də stansiyadan çıxan qatardan sonra yola düşəcək növbəti qatarla arasında 25 dəqiqə interval yaranır (7:40). Mən bütün gün zəng edib bu problemlər barədə sərnişin kimi şikayət edirəm, bələdçilərə bildirirəm. Lakin heç kim bizim fikrimizi ciddiyə almır. Problemin həlli çox rahatdır. Qatarların hərəkət cədvəlini dəyişsinlər, vəssalam. İnsanlar da yola düşəndə o saatlara uyğun işlərini planlaşdırsınlar. Əgər 7:40-da Sumqayıt stansiyasından çıxan qatar heç vaxt 8:32-də Bakı Sərnişin Stansiyasına çata bilmirsə, bunu qrafikdə dəyişib 8:35 etsinlər də. Bu qeyri-dəqiq qrafiklə kimə nəyi sübut etməyə çalışırlar?"
Sərnişin qatarların kondisioner sisteminin də normal işləmədiyini iddia edir:
"Bəzi vaqonlarda kondisionerlərin düzgün işləməməsi insanları narahat edir. Dəfələrlə bələdçiyə demişik, maşinistlə əlaqə saxlamışıq. Amma heç kim məsələni həll etmir. Kondisioner vaqonu düzgün soyutmur, tər-su içində gedirlər sərnişinlər. Niyə? Buna bir texniki işçi baxsın da, bəlkə, filtrlərində problem var? Maşinist deyir ki, qapılar tez-tez açılır, ona görə soyutmur. Biri onlara başa salsın ki, bu qapılar bütün vaqonlarda eyni vaxtda açılır və bağlanır. Soyutma sistemləri isə bəzi vaqonlarda normal işləmir. Bələdçilər də təsdiq edərlər ki, yalnız əvvəl "biznes vaqonlar" dediyimiz vaqonlar sərin olur. Bələdçilər də istidən digər vaqonları gəzmir, gedib sərin vaqonlarda dayanırlar. Amma onların iş prinsipi vaqonlar arasında gəzərək sərnişinlərin vəziyyətini öyrənmək, eləcə də hər hansı texniki problem zamanı maşinistə məlumat verməkdir".
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Sumqayıtdan hər gün saat 7:40-da yola düşən və Bakı Sərnişin Stansiyasına saat 8:32-də çatmalı olan sərnişin qatarı son günlərdə 2-3 dəqiqə olmaqla qrafikdən kənaraçıxma ilə mənzilbaşına çatır:
"Buna əsas səbəb pik saatlarda müşahidə olunan sərnişin sıxlığıdır. Qatar Sumqayıt-Pirşağı-Bakı xətti ilə hərəkət edərkən bu istiqamət üzrə beş stansiya və yeddi dayanacaqda dayanır, hər platformada yüzlərlə sərnişinin eyni anda qatara daxil olması və qatarın qapılarının vaxtında bağlanmasına maneçilik törədilməsi qatarların platformalardan qismən gecikmə ilə yola düşməsinə səbəb olur.
Qeyd etmək istərdik ki, əksər inkişaf etmiş ölkələrin dəmir yolu nəqliyyatında, o cümlədən Almaniyada qatarların 6 dəqiqəyədək hərəkət qrafikindən kənara çıxması gecikmə halı hesab olunmur".
Qurum rəsmisi əlavə edib ki, Abşeron Dairəvi Dəmiryol xəttində qatarların mənzilbaşına vaxtında çatmamasına pik saatlarda sərnişin sıxlığı ilə yanaşı, digər amillər də təsir edir:
"Xüsusilə qatarın yoluna edilən kənar müdaxilələr, relslərin üzərinə daş düzülməsi, kənar əşyaların relslərin arasına atılması, daşatmalar, mal-qaranın nəzarətsiz olaraq dəmiryol xətlərinə çıxması, qurğu və avadanlıqların oğurlanması, hava şəraitinin kəskin dəyişməsi və s.
Əlavə olaraq qeyd edək ki, 2024-cü ilin birinci yarımilində qatarların təhlükəsiz hərəkətinə mane olan 82 kənar müdaxilə halı baş verib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 67% çoxdur. Bu hadisələrdən 25-i qatarlara daş atılması ilə bağlıdır.
Bu dövr ərzində mal-qaranın nəzarətsiz olaraq dəmiryol xətlərinə buraxılması səbəbindən təsərrüfat heyvanları ilə 19 toqquşma hadisəsi baş verib, qatarların ön korpuslarına ciddi ziyan dəyib. Ötən ilin eyni dövründə 16 belə hadisə olub.
Eyni zamanda, cari ilin altı ayı ərzində qatarların hərəkəti zamanı yola 22, ötən ilin eyni dövründə isə doqquz dəfə kənar əşya qoyulub.
Sözügedən dövrdə qatarların qarşısına qəfil piyadanın çıxması səbəbi ilə maşinistlər tərəfindən 16 dəfə təcili tormozlama edilib, ötən ilin eyni dövründə bu kimi hadisələrin sayı 10 olub.
İnsanların hərəkətdə olan qatarların qarşısına qəfil çıxması və qadağan olunmuş sahələrdən dəmiryol xətlərini keçməsi səbəbindən bu ilin altı ayı ərzində altı toqquşma hadisəsi olub, dörd nəfər dünyasını dəyişib, iki nəfər isə yaralanıb. Ötən ilin eyni dövründə yeddi belə hadisə baş verib, dörd nəfər dünyasını dəyişib, üç nəfər yaralanıb.
Sadalanan bu hallar qatarların hərəkət qrafikindən çıxmasına birbaşa təsir edir".
Bəzi vaqonlarda kondisioner sisteminin normal işləməməsi ilə bağlı suala cavab olaraq qurumdan bildiriblər ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus müasir "Stadler" qatarlarında soyutma və havalandırma sistemi tam işlək vəziyyətdədir və son günlərdə hər hansı texniki nasazlıq qeydə alınmayıb:
"Belə ki, "Stadler" elektrik qatarlarında temperatur norma və standartlara uyğun tənzimlənir, mərkəzləşmiş qaydada idarə olunur və vaqonlara eyni müstəvidə paylanılır.
Qatarlarımızla gündəlik olaraq Abşeron Dairəvi Dəmiryol marşrutu üzrə 30 minə yaxın sərnişin daşınır, qatarlarda havalandırma sisteminin işlək vəziyyətdə olmaması ilə bağlı sərnişinlərdən quruma şikayətlər daxil olmayıb. Qatarlarımız hər gün marşrut üzrə hərəkətə başlamazdan əvvəl peşəkar texniki heyətin iştirakı ilə gündəlik qaydada texniki baxışdan keçirilir".
Könül Cəfərli
Rəylər