"K" vitamininin sintetik analoqu olan qida əlavələrinin prostat xərçənginin böyüməsini yavaşlatdığı öyrənilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Science" jurnalında dərc edilmiş tədqiqatda göstərilib.
Məlumatda deyilir ki, təcrübələr hələlik siçanlar üzərində aparılıb, bundan sonra insanlar üzərində tədqiqatlara başlanacaq.
Bildirilir ki, bununla bağlı tədqiqatlar əslində 2001-ci ildə 35 min kişinin iştirakı ilə başlanılıb. Onların bir qismi "E" vitamini qəbul edib. Alimlər bunun prostat xərçənginin qarşısını ala və ya müalicəsinə kömək edə biləcəyini düşünüblər. Tədqiqat 12 il davam etməli olsa da, başlanmasından üç il sonra dayandırılıb. "E" vitamini prostat xərçəngini nə yavaşlada, nə də qarşısını ala bilməyib.
Yeni tədqiqatın müəlliflərindən biri məsələyə başqa cür yanaşıb:
"Əgər antioksidant uğursuz olubsa, bəlkə prooksidant işə yarayar", - deyə o bildirib.
Siçanlar üzərində aparılan təcrübələrdə alimlər menadion əlavəsinin siçanlarda prostat xərçənginin inkişafını yavaşlatdığını göstəriblər. Menadion adətən iri yarpaqlı göyərtilərdə rast gəlinən "K" vitamininin analoqu əsasında hazırlanıb.
Məlum olub ki, menadion əlavə xərçəng hüceyrələri üçün lazım olan xüsusi lipidin (yağın) istehsalına mane olur.
Hazırda müəlliflər əlavənin erkən mərhələdə prostat xərçəngi olan kişilərə təsirini qiymətləndirməyi planlaşdırırlar.
Rəylər