"Məleykə Abbaszadə" teqi üzrə xəbərlər
1953-cü ildə Bakıda anadan olan Məleykə Abbaszadə Azərbaycan təhsil sistemində mühüm islahatların müəllifi və icraçısı kimi tanınır. O, 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib və elmi fəaliyyətə başlayıb.
Məleykə xanım 1994-2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. Onun rəhbərliyi altında tələbə qəbulu prosesi şəffaf və ədalətli sistem kimi formalaşıb. Komissiyada fənlər üzrə daimi fəaliyyət göstərən elmi-metodiki seminarlar, ekspert şuraları və test bankları yaradılıb. Qəbul imtahanlarının nəticələri ictimaiyyətə açıqlanıb və müzakirə olunub.
M.Abbaszadənin təşəbbüsü ilə xüsusi proqram-aparat vasitələrindən ibarət qapalı texnoloji dövrələr yaradılıb və bütün daxili proseslər avtomatlaşdırılıb. TQDK dövlət qurumları arasında ilk dəfə olaraq geniş auditoriyanı əhatə edən prosesləri internet vasitəsilə həyata keçirməyə başlayıb.
2000-ci ildə Məleykə xanımın rəhbərliyi altında "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılıb və ölkədə keçirilən seçkilərdə uğurla tətbiq olunub. O, həmçinin 2003-cü ildə BMT-nin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin və Bakıda keçirilən "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və Elektron idarəetmə" Beynəlxalq Forumunun iştirakçısı olub.
2016-cı ildən Dövlət İmtahan Mərkəzinə rəhbərlik edən Məleykə Abbaszadə Azərbaycanda təhsilin qiymətləndirilməsi sahəsində müasir texnologiyaların tətbiqinə görə "Şöhrət" ordeni ilə təltif edilib. O, 60-dan çox elmi məqalənin və ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.
Prezident İlham Əliyev sərəncama əsasən, Məleykə Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.