Parisin Yeni Kaledoniyada fövqəladə vəziyyəti ləğv etmək qərarına baxmayaraq, Fransanın bu dənizaşırı ərazisində böhran davam edir. Xatırladaq ki, Yeni Kaledoniyadakı kanakların etirazlarına səbəb Fransa qanunvericiliyində yerli xalqın siyasi təsirini azaldan dəyişikliklərdir. Çünki dəyişiklik arxipelaqda 10 ildən çox yaşamış Fransa vətəndaşlarına yerli seçkidə iştirak etmək hüququnun verilməsini ehtiva edir.
Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada zirehli texnika yerləşdirməkdə davam edir, müstəqillik uğrunda mübarizə aparan yerli əhalinin - kanakların qəzəb dalğasını söndürməyə çalışırlar.
Yeri gəlmişkən, Yeni Kaledoniyada etnik əlcəzairlilər yaşayırlar və onların sayı bu adaların əhalisinin 10%-ni təşkil edir. Və ola bilsin ki, Parislə, yumşaq desək, çətin münasibətləri olan Əlcəzairin özü də fürsətdən istifadə edərək Fransanın işlərini korlamaqdan çəkinmir.
Əlcəzairlilər Yeni Kaledoniyaya necə düşüblər, Əlcəzairdə bu bölgədəki vəziyyətə necə reaksiya verirlər? Əlcəzairli analitik, konfliktlər, həmçinin beynəlxalq məsələlər üzrə ekspert Ramdan Auraq bu və digər mövzularla bağlı Oxu.Az-a danışıb:
- 1830-cu ildə Fransanın ilk hərbi ekspedisiyası zamanı Əlcəzair Fransanın müstəmləkəsinə çevrildi. Məhz bu tarix Əlcəzairin istilasının başlanğıcı sayılır. Sonra çoxlu üsyanlar oldu, fransız təcavüzünə qarşı müqavimət ocaqları yarandı. Və burada dini çalar var idi: səlibçiləri müsəlman torpaqlarından qovmaq. 19-cu əsrin ikinci yarısında Əlcəzairin mərkəzində və şərqində siyasi və mənəvi lider əl-Mukraninin rəhbərliyi ilə ciddi azadlıq kampaniyası başlandı. Hərəkat Fransanı yenidən silahlanmağa və müharibə doktrinasını dəyişdirməyə məcbur etdi.
Cəza olaraq, fransızların əks-hücumdan sonra əsir götürdükləri əl-Mukrani hərəkatının üzvləri Yeni Kaledoniyaya sürgün edildilər. Söhbət təxminən 2 000 cəsur Əlcəzair əsgərindən gedir. Onlar Fransanın dəniz limanı olan Tulona, sonra isə Yeni Kaledoniyaya aparıldılar. Bu kampaniya sistemli idi və 1864-cü ildən 1921-ci ilə qədər davam etdi.
Yeni Kaledoniya Fransa imperiyasının penitensiar sisteminin bir hissəsi idi; oraya hətta metropoldan - Fransanın özündən deportasiya edirdilər. Söhbət dissidentlərdən və Paris Kommunasının (1871-ci ildə Paris inqilabi hökuməti - red.) rəhbərlərindən gedir.
Əlcəzairlilərə qayıdaq. Yeni Kaledoniyaya gedən yolda onların çoxu öldü - lazımi müalicə yox idi, həmçinin, deyilənə görə, müsəlman olduqları üçün əlcəzairlilər donuz əti qaxacı yeməkdən imtina edir və aclıqdan ölürdülər. Yeni Kaledoniyada yalnız kişilər vardı. Fransa administrasiyası, həqiqətən də, bu adaların əhalisini artırmaq istəyirdi və Fransa həbsxanalarından oraya qadınları göndərməyə başladı - həm cinayət törədənləri, həm də siyasi dissidentləri.
Bunun nəticəsində qarışıq nikahlar yarandı, lakin avropalı qadınların olduğu ailələrdə patriarxallıq ruhu aradan qalxmadı. Əlcəzairin ailə ənənəsi hələ də orada qorunub-saxlanılır. Yeni Kaledoniyada bir ərazi var ki, deportasiya edilmiş əlcəzairlilərin törəmələri Əlcəzair bölgələrindən birinin dilini və hətta ləhcəsini qoruyub-saxlayıblar. Baxmayaraq ki, təbii olaraq hər kəs öz dilini və dinini qoruyub-saxlaya bilməyib. Fransızlar qeyri-xristianları təhsil sistemi vasitəsilə xristianlaşdırıblar. Katolik inancını qəbul etmədikcə heç kim məktəbə gedə bilməzdi.
Amma ən əsası odur ki, əlcəzairlilərin arasında inqilabi müqavimət ruhu qalmaqdadır və Yeni Kaledoniyada onların sayı təxminən 20 min nəfərdir (ümumilikdə, son siyahıyaalmaya görə, adalarda 270 minə yaxın insan yaşayır - red.). Əcdadları iradəli insanlar olan əlcəzairlilər bu keyfiyyəti qoruyub-saxlayıblar. Ona görə də Emmanuel Makron heç nə əldə edə bilməyəcək.
Əlcəzair, bir dövlət olaraq, əlbəttə ki, Yeni Kaledoniyadakı əlcəzairlilərin törəmələri ilə maraqlanır. Biz əlcəzairlilərin milli pasportlarımızı almasında maraqlıyıq.
Təbii ki, Fransa Milli Assambleyasının Yeni Kaledoniyada kimin səs verə biləcəyi ilə bağlı qərarı manipulyasiya ilə müşayiət olundu. Eyni şey Fransanın bu dənizaşırı ərazisində keçirilmiş üç müstəqillik referendumuna da aiddir. Orada real, dəqiq seçici bazası belə yoxdur. Lakin Paris Yeni Kaledoniyanı itirmək istəmir, çünki orada nikelin böyük ehtiyatları var və bu, Fransaya böyük gəlir gətirən ciddi xammal resursudur.
Yeni Kaledoniya həm də Fransa ordusu və NATO üçün mühüm geostrateji zona, aktiv və tramplindir. Fransa Prezidenti Emmanuel Makron Şimali Atlantika Alyansı və Yeddilik Qrupu (G7) ölkələrinin dairəsindədir. O, BRICS dövlətlərarası assosiasiyası çərçivəsində Rusiya üçün effektiv müttəfiq olan Çinə necə təzyiq etmək barədə düşünür.
Yeni Kaledoniyanın müstəqilliyi, artıq Afrika ölkələrində və digər bölgələrdə olduğu kimi, Fransanı bu bölgədən çıxarır. Yeri gəlmişkən, Fransanın kosmik raketləri buraxdığı Kuru kosmodromu Latın Amerikasında - Fransız Qvianasında yerləşir (əslində, Parisdə başqa cür adlandırılsa da, bu da xarici ərazidir - red.). Əgər orada Fransa hökmranlığına qarşı ciddi etirazlar başlasa, o zaman Fransa nəhayət geosiyasi cırtdana çevriləcək, burada ancaq qəhvə içmək, kruasan yemək və Parisi bir az gəzmək olar. Fransa bir imperiya, superdövlət kimi artıq ölür.
- Yeni Kaledoniyadakı əlcəzairlilərə və digər məsələlərə qayıdaq...
- ...biz maraqlıyıq ki, Fransaya təsir etmək üçün öz geosiyasi xəritəmiz olsun. Paris Əlcəzairin işlərinə qarışır, ölkəmizin bərbərlərin yaşadıqları bölgələrindən biri olan Kabiliyada separatizmi qızışdırır, burada bəzi qrantyeyənlər muxtariyyət məsələsini qaldırırlar və s. Emmanuel Makron elə Cənubi Qafqazın da işlərinə qarışaraq Azərbaycanla Ermənistan arasında problemlər yaradır.
Ancaq fransızların özləri şüşə evlərdə yaşayırlarsa (və bu belədir), o zaman başqa evlərə daş atmamalıdırlar, çünki cavab olaraq daha çox daş gələ bilər. Makronun uzaqgörənliyi yoxdur və bununla o, Fransanı məhv edəcək.
Bizim törəmələrimiz - əlcəzairlilər, Fransadakı nəvələrimiz bu ölkəni yenidən formatlaşdıra və demoqrafik çoxluq qazana bilərlər və təbii, təkamül yolu ilə biz Fransada güc qazanacağıq.
Nair Əliyev