Qərbi Azərbaycana qayıdış rəsmi Bakının müasir xarici siyasət kursunun əsas istiqamətlərindəndir. Bunun üçün xüsusi konsepsiya hazırlanıb. Bu gün Azərbaycan hökumətinin əsas məqsədlərindən biri Qərbi Azərbaycana dinc qayıdışı təmin etməkdir. Odur ki, bütün mümkün imkanlardan istifadə edilir.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasında Qərbi Azərbaycan İcmasının (QAİ) xüsusi rolu var. Vaxtaşırı olaraq İcmanın yaydığı bəyanatlar daxili və beynəlxalq ictimai rəyin formalaşmasında mühüm rol oynayır.
Bu mənada, QAİ-nin sentyabrın 3-də yaydığı bəyanat da xüsusi diqqət çəkir. Bəyanatda bildirildi ki, Ermənistan təhlükəli siyasətdən əl çəkməsə, Qərbi Azərbaycan hökuməti təsis ediləcək.
"Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə "beynəlxalq təminat altında Qarabağa qayıdış"dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik", - deyə bəyanatda bildirilib.
Bəyanatda, həmçinin rəsmi İrəvanın ikiüzlü siyasəti ifşa olunub:
"Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü "mühacirətdə olan hökumət" kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi "repatriasiya komissiyası"nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə "Qərbi Azərbaycana qayıdış" komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".
Ümumiyyətlə, nəinki Ermənistan, bir sıra hallarda hətta beynəlxalq ictimaiyyət də azərbaycanlıların və ermənilərin qayıdış hüququna bərabər yanaşmırlar. Belə ki, ermənilərin Qarabağa qayıdış məsələsi qabardıldığı halda, azərbaycanlıların perspektivdə Qərbi Azərbaycana - tarixi torpaqlara qayıtması barədə bir kəlmə də deyilmir. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpasıdır. Üstəlik, Qərbi Azərbaycan, o cümlədən Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdiriliblər.
Bəzi araşdırmaçılar düşünürlər ki, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və deportasiyaların əsas səbəbi ölkənin milli tərkibinin dəyişdirilməsi olub. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə bir edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınlar da daxil olmaqla, 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada - 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə məruz qalaraq doğma yurd-yuvalarını tərk etməli olub. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə oradakı qəbiristanlıqlar, tarixi-mədəni-dini abidələr, məktəb, xəstəxana və digər binalar darmadağın edilib.
Bundan sonra azərbaycanlıların yüzlərlə qədim yaşayış məskəninin adı dəyişdirilib, ermənisayağı saxta tarix yazılıb.
Əslində, istər ABŞ, istərsə də Aİ bu məsələdə ədalətsiz mövqe tutduğunun nəinki fərqindədir, hətta bunu məqsədli şəkildə etdiyi də şübhə doğurmur. Səbəb çox sadədir: Cənubi Qafqazla bağlı destruktiv planları məhz onları öz himayədarı kimi görən Ermənistanın vasitəsilə həyata keçirmək. Hər halda, Ermənistanın, xüsusilə, son vaxtlar Qərbin direktivlərini qeyd-şərtsiz yerinə yetirməsi bu qənaəti daha da möhkəmləndirir.
Bakı ilə münasibətlərin normallaşması üçün İrəvanın siyasi iradə göstərməsi zəruridir. Bunun əsas komponentlərindən biri də azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıdış hüququnun rəsmi səviyyədə tanınmasıdır. İrəvan bu çərçivədə destruktiv mövqedən çıxış etdikcə, münasibətlərin normallaşmasında ciddi uğura nail olmaq mümkün görünmür.
İrəvan başa düşməlidir ki, daha rəsmi Bakı ilə oyun oynamaq olmaz. Bu, təhlükəlidir. Oyun oynamaqdan, "suları bulandırmaqdansa", tarixdən dərs çıxarmaq lazımdır: Azərbaycan çox vaxt özü öz işini həll etməli olub. Bu, Qərbi Azərbaycana qayıdış üçün də istisna deyil. Ermənistanın və beynəlxalq ictimaiyyətin azərbaycanlıların qayıdış hüququnu tanımaması perspektivdə Qərbi Azərbaycan hökumətinin təsis edilməsi ilə nəticələnə bilər. Bu, rəsmi Bakının əlini gücləndirən faktor olacaq. Eyni zamanda, bir daha göstərəcək ki, Azərbaycan hökuməti Qərbi Azərbaycana qayıtmaqda, özü də dinc yolla qayıtmaqda israrlıdır.
"Report" İnformasiya Agentliyi